Azərbaycanın aqrar məhsulları gələcəkdə bu bazarlara çıxacaq: Hökumət ciddi iş aparır...

13:24 12 May 2022

Azərbaycan əsas ticarət tərəfdaşlarından olan  iki dövlət arasında gedən müharibə ölkəmizin qeyri-neft ixracına da təsirsiz ötüşmədi. Rusiyaya məhsul ixracında problemlər zaman-zaman yaşanmaqdadır. Bu da ölkəmizin aqrar sektoruna mənfi təsir göstərir. Bəs ixracatdakı bu asılılığı necə aradan qaldıra bilərik?

Mövzu ilə bağlı SİTAT.İNFO-ya açıqlama verən İqtisadçı alim, deputat Vüqar Bayramov bildirdi ki, kənd təsərrüfatı və eləcədə qeyri-neft məhsullarının digər bazarlara ixrac olunması prioritet məsələlərdəndir: "Nəzərə alsaq ki, Azərbaycanın 2021-ci ildə 2,7 milyard dollarlıq qeyri-neft ixracatının 32,3 faizi Rusiyanın payına düşürdü. Amma bu ilin 3 ayının, eləcədə ilk 4 ayının nəticələri göstərir ki, Azərbaycan qeyri-neft ixracatında Rusiyanın payı artıq ikincidir". 

Vüqar Bayramov onu da qeyd etdi ki, Azərbaycan sahibkarları qeyri-neft məhsullarını daha çox Türkiyə bazarına ixrac edirlər: "Və bu da təbii ki, qeyri-neft ixracatımızın önə çıxmasına gətirib çıxarır. Hələlik mütəmadi olaraq müzakirə edilən məsələlərdən biri məhz ixracatda azsaylı bazarlardan asılılığın minumuma endirilməsidir. Bu istiqamətdə də işlər davam etdirilir". 

Vüqar Bayramovun  sözlərinə görə , Azərbaycan üçün kənd təsərrüfat məhsullarının ixracatında ən böyük tərəfdaş Avropa Birliyi və Körfəz ölkələri ola bilər: "Avropa Birliyi 500 milyondan artıq istehlakçısı olan bazardır, Körfəz ölkələrinin də kifayət qədər böyük potensialı var. Və ona görədə qeyri-neft ixracatının şaxələndirilməsi Avropaya, eləcə də Azərbaycanla əməkdaşlıq edən Körfəz ölkələrinə daha çox kənd təsərrüfat məhsullarının göndərilməsi hazırda prioritetdir. Təbii ki, hökumət tərəfindən də sistemli şəkildə işlər həyata keçirilir. Və gözlənilir ki, növbəti illərdə biz həmin bazarlara daha çox qeyri-neft məhsullarını çıxara biləcəyik".

Ləman Sərvanqızı

SİTAT.İNFO



Xəbər xətti