Haqsız rəqabət, absurd qiymətlər, keyfiyyətsizlik: Monopoliya iqtisadiyyatı belə zəhərləyir...

15:02 12 May 2022

Digər ölkələrdən fərqli olaraq Azərbaycan iqtisadiyyatının problemləri təkcə pandemiya ilə başlamadı. Ondan öncə də problemlər var idi ki, onların da başında monopoliya gəlir. Bir çox sahələr var ki, onların inkişafının qarşısında duran əsas problem həmin sahənin dövlət şirkətlərinin monopoliyasında olmasıdır. Məsələn, nəqliyyat sektoru, kommunal sektor, rabitə sektoru və sair. Son nəticədə bu sahələrdə bir neçə dəfə xidmət haqqı və tariflər artsa belə, əhali keyfiyyət dəyişikliyinin şahidi olmur.

Məsələ ilə bağlı SİTAT.İNFO açıqlama verən iqtisadçı ekspert Elşən Bağırzadə bildirdi ki, təbii inhisarlardan başqa istənilən inhisar forması iqtisadiyyatda səmərəsizliyə, keyfiyyətsizliyə, istehlakçı hüquqlarının pozulmasına, haqsız rəqabətə və əsaslandırılmamış qiymət artımlarına gətirib çıxarır: ”Ona görə bazar iqtisadiyyatında bu yolverioməzdir. Azərbaycanda əvvəllər daha çox monopoliya problemi var idi. Hazırda daha çox  oliqapoliya (bir mal və xidmətin az sayda, bir neçə satıcısı olması problemi) daha geniş yayılıb. Oliqapoliya da oxşar problemlərin yaranmasına gətirib çıxaran haldır.  Eyni zamanda bir sıra sahələrdə dövlət inhisarçılığı da var və bu da yolverilməzdir".

Elşən Bağırzadənin sözlərinə görə, Azərbaycan qanunvericiliyinə görə hər hansı bir bazar subyekti bazarda 35 faizdən çox paya malikdirsə, bu hökmran mövqe sayılır və dövlətin müvafiq anti-inhisar mexanizmlərinin işə salınmasını tələb edir: ”Ancaq bu günə qədər anti-inhisar fəaliyyətinə məsul olan dövlət qurumunun belə hallarla bağlı hər hansı açıqlamasına rast gəlinməyib. Belə rəsmi açıqlamalar olmadığından hansı sahələrdə monopoliya və ya oliqapoliya olmasını demək çətindir. Daha çox qeyri-rəsmi məlumatlar əsasında fikir yürüdülə bilər".

İqtisadçı ekspert onu da vurğuladı ki, alternativ elmi tədqiqatlar aparılmalıdır: ”Bu günə qədər bu sahədə hər hansı elmi-tədqiqata da rast gəlinməyib. Ancaq ekspert müşahidələri, qeyri-rəsmi məlumatlar bu problemin varlığını bu və ya digər səviyyədə ortaya qoyur”.

Nigar Abuzər

SİTAT.İNFO



Xəbər xətti