"Rusiya prezidenti Vladimir Putinin Ukraynaya qarşı işğalçı müharibəyə başlaması bəhanəsindən biri də Ukraynanın guya NATO-ya üzv qəbulu perspektiviylə bağlı idi. Halbuki, Şimali Atlantika Bloku və təşkilatın Fransa və Almaniya kimi üzvləri Ukraynanın və Gürcüstanın NATO üzvlüyü əleyhinə olduqlarını gizlətmirdilər. İndinin özündə də Kiyevə açıq deyirlər ki, Ukrayna hətta onilliklər ərzində təşkilatın üzvlüyünə qəbul oluna bilməyəcək".
Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, Kreml Rusiya əhalisini NATO ilə qorxutmağa davam edir: "Kreml sahibi 9 mayda hərbi paradda çıxışında guya NATO-nun Ukrayna ilə birgə Krıma hücuma hazırlaşdıqlarını elan etdi və Rusiya Ukraynaya hücum etməsəydi, guya Şimali Atlantika Bloku yarımadanı ələ keçirmək üçün hərəkətə keçəcəkdi. Bu NATO haqqında növbəti miflərdən biridir. Nə NATO, nə də Ukrayna rəhbərliyi Krımı hərbi yolla geri qaytarmağı planlaşdırırdı. Bunun mümkün olmayacağını həm Brüssel, həm də Kiyev anlayırdı. Ukrayna prezidenti Vladimir Zelenskinin gücü sadəcə ötən ilin avqust ayında Kiyevdə “Krım platformasının” keçirilməsinə çatdı. İndinin özündə də müharibənin davam etdiyi müddətdə Kiyev Krımdan çox 24 fevraldan sonra işğal olunan ərazilərin geri qaytarılması haqqında düşünür".
Politoloq vurğuladı ki, uzun onilliklər neytral siyasətə üstünlük verən Finlyandiya və İsveç NATO qoşulmaq barədə qərar verdilər: "Finlyandiya və İsveç Ukraynadakı işğalçı müharibə fonunda NATO-ya üzv qəbul edilsələr, bu amilin özü Kremlin regional siyasətinin növbəti məğlubiyyəti olacaq. Çünki Finlyandiya və İsveç keçmişdə SSRİ, sonrakı illərdə isə Rusiya ilə münasibətləri gərginləşdirməmək üçün NATO-ya üzv olmurdular. Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi yeni reallıqlar yaradıb. Rusiya ilə əməkdaşlıqdan uzaqlaşmaq və bu dövlətdən özünü qorumaq istəyənlərin sayı artıb. Şimali Atlantika Bloku Finlyandiya və İsveçi üzvlüyə qəbul etməyə hazırdılar. Ancaq qəbul müəyyən prosedurların həyata keçirilməsini tələb etdiyindən Böyük Britaniya İsveç və Finlyandiya ilə ikitərəfli hərbi əməkdaşlıq sazişi imzaladı. London bunu ona görə etdi ki, Finlyandiya və İsveç Şimali Atlantika Blokuna üzv olana qədər Rusiyaların hədələrindən qorunsunlar və Moskvada anlasınlar ki, bu iki ölkəyə qarşı hansısa təxribat planlaşdırsalar qarşılarında Böyük Britaniyanı görəcəklər".
E.Şahinoğlu qeyd etdi ki, NATO Avropa ilə kifayətlənmir: "Şimali Atlantika Bloku Asiya dövləti olan Cənubi Koreya ilə də əməkdaşlığı genişləndirir. Cənubi Koreya bayrağı ilk dəfə olaraq Estoniyanın paytaxtı Talinndəki NATO kibermüdafiə mərkəzində qaldırıldı. NATO-nun Kooperativ Kibermüdafiə Mükəmməllik Mərkəzi üzv dövlətlərdən mütəxəssisləri kiberhücumların qarşısını almaq üçün birlikdə işləmək üçün öyrədir və əməkdaşlığa cəlb edilən Cənubi Koreya NATO üzvü olmayan beşinci ölkədir. Cənubi Koreyanın Milli Kəşfiyyat Xidməti 2019-cu ildən müxtəlif təhlükələrə cavab vermək üçün dünya səviyyəli bacarıqlara sahib olmağı qarşısına məqsəd qoyub. Şimali Koreyanın artan raket sınaqları və Çinin bölgədə artan hərbi gücü Cənubi Koreyanı həm müttəfiqi ABŞ, həm də NATO ilə əməkdaşlığı genişləndirməyə diqtə edir. ABŞ prezidenti Co Baydenin 20-22 may tarixləri arasında Seula səfəri zamanı də bölgənin təhlükəsizlik məsələləri müzakirə olunacaq. Səfər zamanı ABŞ-Cənubi Koreya-Yaponiya üçlü ittifaqının formalaşacağı da planlaşdırılır".