Rusiya regional proseslərdə fəallaşır: Əslində danışıqları pozmağa çalışır...

17:10 13 May 2022

"Rusiya baş nazirinin müavini, Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinlərindən ibarət üçtərəfli işçi qrupunun həmsədri Aleksey Overçukun rəhbərlik etdiyi nümayəndə heyəti dünən Ermənistana gedib. Bu barədə Ermənistanın Nazirlər Kabinetindən bildirilib. İndiki mürəkkəb vaxtda bu səfər xüsusi əhəmiyyətlidir. Başı Ukrayna ilə müharibəyə qarışan Rusiya artıq regional proseslərin nəzarətindən çıxdığını görür. Odur ki, fəallıq göstərməyə çalışır. Dünən həm də Azərbaycan, Rusiya və Ermənistanın xarici işlər nazirlərinin üçtərəfli görüşü olub. Bu, bir daha göstərir ki, Kreml birbaşa təmasların yaranmasından, habelə Qərbin vasitəçiliyindən narahatdır".

Bu fikirləri SİTAT.İNFO-ya açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib. 

Onun sözlərinə görə, şübhəsiz ki, həm Overçukun İrəvana səfəri zamanı, həm də nazirlərin görüşündə müzakirə edilmiş əsas məsələ sərhədlərin müəyyənləşdirilməsi ilə bağlıdır: "Moskva bu istiqamətdə müəyyən irəliləyişlərin əldə edilməsinə razıdır. Bir şərtlə ki, proseslər onun nəzarətində qalsın. Çox güman ki, yaxın gələcəkdə Overçuk Azərbaycana da gələcək. Və bundan sonra müəyyən əməli addımların atılması mümkündür. Həmçinin Qazaxın kəndləri ilə bağlı razılıqların əldə edilməsi də istisna deyil".

K.Novruzov hesab edir ki, Rusiya bu "vasitəçilik"də səmimi deyil: "Avropanın Şərqində "sular qismən durulandan" və Rusiya əvvəlki moderatorluq rolunu bərpa etdiyini görəndən sonra yenidən prosesləri "tormuzlatmağa" çalışa bilər. Bu mənada Bakı ilə İrəvan arasında birbaşa təmaslar davam etməli, hətta intensivləşməlidir. Ermənistan Baş naziri Nikol Paşinyan mayın 16-da Rusiyaya gedəcək. O, KTMT- in 30 illiyinə dair tədbirdə iştirak edəcək. Paşinyanla Prezident Vladimir Putin arasında ikitərəfli görüşün keçirilməsi mümkündür. Və yəqin ki, həmin görüşdən sonra bir çox məsələlər daha da aydınlaşacaq. Bütün hallarda Moskva regional sabitlikdə, Ermənistanla Azərbaycan arasında konfliktin tamamilə həllində maraqlı deyil. Əks halda buna çoxdan nail olmuşdu. Odur ki, ən azından hələlik Kremlin bütün təşəbbüslərinə şübhə ilə yanaşmaq, Paşinyanın və digər erməni rəsmilərin xüsusilə yaxın günlərlə səslənəcək bir çox bəyanatlarını Rusiyanın təlimatı kimi qiymətləndirmək lazımdır".

Safura,

SİTAT.İNFO

 



Xəbər xətti