Ərdoğandan Rusiyaya dəstək kimi görünən addım: əslində isə...- TƏHLİL

12:24 16 May 2022

Elxan Şahinoğlu, politoloq 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Rusiyaya qarşı cəbhəni genişləndirmək planlarına növbəti dəfə sədd çəkdi: o, ölkəsinin Finlandiya və İsveçin NATO-ya üzv olmasına isti baxmadığını və Türkiyənin vaxtilə Yunanıstanla bağlı etdiyi səhvi təkrarlamayacağını deməklə, faktiki olaraq, indiyədək NATO-Rusiya qarşıdurmasında neytrallıqlarını qoruyub saxlayan hər iki ölkənin Şimali Atlantika blokuna üzvlük məsələsində rəsmi Ankaranın veto hüququndan istifadə edəcəyinin anonsunu vermiş oldu.

Şübhəsiz ki, NATO üzvü Türkiyənin bu cəsarətli addımı bütün istiqamətlərdən sıxışdırılan və təklənməsinə çalışılan Rusiya üçün həyati əhəmiyyətli məsələdir, Putinə yeni nəfəs verməkdir və bu səbəbdən cənab Ərdoğan yaxın günlərdə daha sərt şəkildə təkcə Qərbin yox, həm də onların Türkiyə və Azərbaycandakı şəbəkəsinin hədəfinə gətiriləcək.

Beləliklə, cənab Ərdoğan kritik bir mərhələdə onu Putinə qoşaraq devirmək istəyən qoca Baydenin sifətinə növbəti “türk tokatı”nı vurmaqla, Rusiya-Türkiyə münasibətlərindəki yaxınlığın müvəqqəti deyil, strateji xarakter daşıdığını və siyasi bazarlıq predmetinə çevrilməyəcəyini təkrar nümayiş etdirmiş oldu.

Şübhəsiz ki, cənab Ərdoğanın Rusiya-Türkiyə münasibətlərindəki balansı və həssaslığı daim qoruması, bu sayaq cəsarətli davranışları Qarabağdakı işlərini tamamlamaq üçün Ermənistanla sülh müqaviləsinin imzalanmasına tələsən Azərbaycanın da Moskva qarşısında mövqelərini, əlini xeyli gücləndirəcək. 

Türkiyə-Azərbaycan ittifaqı Rusiya tərəfinə bir daha göstərir ki, Qərbin bütün şirnikləndirici təkliflərinə və təzyiqlərinə baxmayaraq, onlar Ukrayna bataqlığına salınmış Rusiyanın əleyhinə Cənubi Qafqazdan da yeni bir cəbhənin açılmasında, Rusiyanın Yaxın Şərqə çıxışını təmin edən əsas quru dəhlizdə - cənub sərhədləri boyunca da bloklanmasında maraqlı deyillər, ancaq Paşinyan Ermənistanı hələ də sülh prosesini Rusiya-Ukrayna savaşının yekunu bilinənədək uzatmağa, müxtəlif bəhanələrlə münaqişəli situasiyanın qalmasına, bölgədə müharibə riskini artırmağa və Qərbin də sonda bölgəyə hərbi müdaxiləsinə çalışır, əsas yaradır.

Böyük ehtimalla, cənab Ərdoğanın son bəyanatının təsirini çox yaxın günlərdə Azərbaycan-Ermənistan sülh danışıqlarının gedişində daha aydın hiss edəcəyik. 

Türkiyə prezidenti Ərdoğan təkcə 44 günlük Qarabağ savaşındakı qələbəmizin deyil, həm də Azərbaycanla Ermənistan arasında əldə ediləcək və bütövlükdə bölgəyə rifah vəd edən sülhün əsas memarlarından biri olduğunu hər addımda bizə və bütün dünyaya sübut edir. 

İnşallah, bu, həm də onun 2023 seçkilərində yenidən qələbəsini təmin edəcək ən mühüm addımlarından daha biri olacaq.



Xəbər xətti