"Müharibənin gedişi göstərir ki, Rusiyanın artıq 3-cü ayda resursları tükənib. Rusiya ancaq minimal tələblər qoya bilər. Rusiya maksimal hədəflərə çatmadı və çata bilməyəcək".
Bu sözləri politoloq Elxan Şahinoğlu SİTAT.İNFO-ya açıqlamasında səsləndirib.
Politoloq bildirib ki, müharibə başlayanda ən böyük qorxumuz Kiyevin tab gətirib-gətirməyəcəyi idi, Ukrayna bu mərhələni adladı: "Artıq Rusiyanın Kiyevi ələ keçirmək xülyası yoxdur. Heç Ukraynanın yarısını da ələ keçirə bilməyəcək. Ancaq bu işğalçı müharibədə Rusiyanın müəyyən uğurları var. Bunu da etiraf etmək lazımdır. Mariupolu yerlə-yeksan etdi, Xersonu əlində saxlayır, Krıma quru yolunu işğalda saxlamağa çalışır. Bu əslində kiçik hədəflər idi".
E.Şahinoğlu vurğuladı ki, Ukrayna ordusu gücləndikcə, xaricdən gələn silahları aldıqca əks-hücumlara başlayacaq: "Ukraynalı deputatlar da deyir ki, yay aylarında Ukrayna güclənəcək və əks-hücumlar həyata keçirəcək. Ukryana ordusuna zaman lazımdır ki, göndərilən yeni texnikalarla rəftarı öyrənmək üçün təlimlər keçsinlər. Hardasa 2000 nəfərə yaxın ukraynalı hərbçi Qərbin müxtəlif ölkələrində yeni silahlardan istifadə qaydalarını öyrənmək üçün təlimlər keçirlər. O hərbçilər geri qayıtdıqda bu Ukrayna ordusunun gücünü daha da artıracaq və onlar əks-hücuma keçə bilər. Ukrayna Maiupolu və Xersonu geri qaytarmağa çalışmalıdır, onların başqa şansı yoxdur. Çünkli bu bölgələrlə bağlı Kremlin gizli planları var. Xersonu Rusiyaya birləşdirmək istəyirlər".
Banu,
SİTAT.İNFO