"Xoşbəxtlikdən mən Putin deyiləm. Ona görə də, onun Paşinyana hansı tapşırıqlar verəcəyini deyə bilmərəm".
Bu sözləri deputat Aqil Abbas Paşinyanın Moskva səfərini SİTAT.İNFO-ya açıqlamasında şərh edərkən deyib.
O bildirib ki, Putin Ukraynada uduzur, ona görə də, başqa yollara əl atır: "Ola bilər ki, Paşinayana desin ki, sülhə qol çəkmə. Çünki Putin münaqişənin uzanmasını istəyir. Paşinyan da gedib ağasından “zakaz” almağa. Ermənistanın çıxış yolu yoxdur, oradakı ağıllı adamlar da başa düşür ki, çıxış yolu yoxdur. Sülh imzalanmalıdır. Dördbir tərəfin türklərdir, rus səni nə qədər qoruyacaq, sərhəddin də yoxdur. Sabah Gürcüstan da yolu bağlasa ortalıqda qalırsan. Onu başa salan lazımdır ki, sülh bağla adam kimi, yaşa da".
Deputat vurğuladı ki, əslində Paşinyan da, erməni xalqı da sülh tərəfdarıdır. Elə olmasa bu xalq məğlub olmuş Paşinyana səs verməzdi: "Bu gün İrəvanda keçirilən aksiyalar isə Köçəryanın, Sərkisyanın bir qrup adamıdır ki, meydana çıxarıb Paşinyanı hakimiyyətdən uzaqlaşdırmağa çalışırlar. Özləri gəlsə də, heç nə əldə edə bilməzlər. Ancaq onların Paşinyanı hakimiyyətdən uzaqlaşdırması mümkün deyil. Xalq Paşinyanı devirməz. Küçədəki mitinq ilə kimisə vəzifədən çıxartmaq olmaz. 2,5 milyon erməni var, onun 10 min nəfərinin sözü ilə prezident vəzifədən getməz. Silahlı çevriliş olsa, Rusiyanın əli ilə belə bir hadisə olsa, bu zaman mümkündür. Paşinyan erməni xalqına xidmət edir. Xalq da başa düşür ki, insan nə qədər qonşu ilə düşmən olar, nə qədər xaricdən tapşırıq alar, nə qədər qapalı şəraitdə yaşayar? Xalq nə qədər başqasının əlinə baxar, hansı dövlət 2-3 milyon ayırır, ya diaspora nəsə göndərir. Artıq diaspora da pul göndərmir".
Banu,
SİTAT.İNFO