May ayında mövsüm məhsullarının bol olduğu bir dövr yaşasaq da, bazarlarda pomidorun, xiyarın və mövsüm meyvələrinin ötən illə müqayisədə baha qiymətə satılır. Bahalığın səbəbi kimi isə istixanaların fəaliyyətini dayandırması göstərilir. Sahibkarlar da istixanalarda məhsul yetişdirməyin sərfəli olmadığını bildirirlər Nəticədə təklif azaldığı üçün bazarlarda topdansatışda qiymət artımı müşahidə olunur. Pərakəndə satışda da satıcılar qiymət artımını bununla əlaqələndirirlər.
Bəs bundan sonrakı dövrdə də bahalaşma və qıtlıq davam edəcəkmi? Açıq sahə məhsulları satışa çıxarılanda bu bahalaşma aradan qalxacaqmı?
Ümumilikdə bütün dünyada gedən ərzaq qıtlığı fonunda Azərbaycan bazarını nələr gözləyir?
Bu mövzu ilə bağlı iqtisadçı ekspert Əkrəm Həsənov SİTAT.İNFO-ya açıqlamasında bildirdi ki, qıtlığın və ərzaqların qiymət artımının səbəbi sahibkarların xərcinin artmasıdır: "Kimisi fəaliyyətini davam etdirir, kimisi isə davam etdirə bilmir. İstixanalar sıradan çıxdıqca istehsal da azalır. Çünki bizdə istixanalar yalnız Azərbaycanda daxili bazara deyil, Rusiyaya da ərzaq satırdılar. İndi də Rusiyaya satmaq sərf etmir. Çünki Rusiyaya hansı valyutayla satmaq məsələsi də var. Oradan dollar almaq mümkün deyil, rubl isə heç kəsə lazm deyil. Elə buna görə də bəziləri fəaliyyətini azaldır, dayandırır. Eyni zamanda da onlar öz fəaliyyətini dayandırdığı üçün daxili bazarda da müəyyən qıtlıq yaranır”.
Ekspert qeyd edir ki, ərzaq sahəsindəki qiymət artımı məsələsində pessimistdir: “Bu yanlız Azərbaycana aid bir hal deyil , ümumiyyətlə dünyaya aid məsələdir. Hələ uzun zaman həm qiymət artımı, həm də ərzaq qıtlığı davam edəcək. Bu məsələ 2022-ci ilin problemi kimi qalacaq. Ölkədən ölkəyə bu vəziyyət dəyişə bilər. Digər tərəfdən bizdə daxili problemler də var. Məsələn, enerji qiyməti qalxır, sahibkarlıq üçün şərait yoxdur və s. Azərbaycanda bu problemlər davam etdikcə biz özümüzü bu ərzaq bahalaşması və qıtlığa hazırlamalıyıq”.
Safura Bənnayeva
SİTAT.İNFO