Ukrayna danışıqlara getməyəcək: Rusiya bu qədər zəifləşmişkən...

12:50 17 May 2022

"Ukraynanın danışıqlara getməməsinin əsas səbəbi, Rusiyanın hərbi-sənaye kompleksinin və silahlı qüvvələrinin təqdim və təbliğ oldunduğundan dəfələrlə aşağı potensiala malik olması, ordudakı nizamsızlıq və ideoloji boşluq, Rusiya əleyhinə kampaniyanın effektivliyi və sanksiyaların bu ölkəyə getdikcə daha ciddi təsir göstərməsi, hətta öz müttəfiqlərinin belə Rusiyanı müdafiə etməmələri və bu ölkənin beynəlxalq miqyasda təklənməsidir".

Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib. 

Onun sözlərinə görə, Rusiyanın dominant rol oynadığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının son zirvə toplantısının bəyanatında sözügedən hərbi-siyasi təsisatın gərginliyin azaldılması üçün NATO ilə praktik əməkdaşlığa hazır olduğunu bəyan etməsi və sənəddə Rusiyanın Ukraynaya müdaxiləsinin hətta üstüörtülü şəkildə müdafiə olunmaması da, subuta yetirir ki, bu müharibədə Rusiya tamamilə təkdir: "Hətta son zamanlar Kremlin sözçüsü funksiyanı yerinə yetirən Aleksandr Lukaşenkonun Rusiyanın müttəfiqlərindən açıq-aşkar gileylənməsi də yekun bəyanata öz təsirini göstərmədi. 
Belə olduğu təqdirdə, Ukraynanın Rusiyanın indiyədək irəli sürdüyü şərtlər daxilində danışıqlara getməsi bugünədək göstərilən müqavimətin, verilən itkilərin boşuna getməsi deməkdir".

Siyasi şərhçi hesab edir ki, Rusiya rəsmilərinin açıqlamalarında da ənənəvi ritorikanın zəiflədiyi nəzərə çarpmır: "Qənaətimə görə, Ukrayna və tərəfdaşları Rusiyanın indiki vəziyyətdən, hətta ölkə daxilində özünü qalib kimi təqdim etməyə zəmin yarada biləcək dividendlərlə çıxmasını istəmirlər. Məğlubiyyətin etirafına hətta dolayısıyla zəmin yarada biləcək istənilən geriyəçəkilmə isə Rusiyanın nəinki qlobal, hətta regional güc kimi də sıradan çıxması, hakimiyyətin zəifləməsi və ola bilsin ki, siyasi səhnəni tərk etmək məcburiyyətində qalması deməkdir. Hazırda Kremlin bu vəziyyətlə barışacağı da inandırıcı görünmür. Bu baxımdan, müharibə, təəssüf ki, davam edəcək".

Banu,

SİTAT.İNFO



Xəbər xətti