Dünyanı hər yerində Rusiyanın Ukraynaya hücumu, işğalçı müharibəsi pislənilir. Lakin keçmiş Sovet məkanında, o cümlədən Azərbaycanda Rusiyanı dəstəkləyənlər, Kremlin təbliğatının təsiri altında olanlar var. Onlar hətta Zelenskini vaxtında Putinin tələblərini yerinə yetirməməkdə və xalqı qırğına verməkdə qınayırlar. Politoloqlar isə hesab ediur ki, Putin müqavimətlə üzləşmədən Ukraynada qələbə qazansaydı, hədəfdə digər MDB ölkələri, xüsusilə Cənubi Qafqaz da var idi. Bu müharibə hər nə qədər Qərbin, ABŞ-ın marağında olsa da, dünyada ərzaq böhranına səbəb olsa da, müharibədə Rusiyanın uğursuzluğunun və gözlənilən məğlubiyyətinin postsovet ölkələri üçün əhəmiyyəti də az olmadı.
Mövzu ilə bağlı SİTAT.İNFO-ya danışan siyasi şərhçi Aqşin Kərimov vurğuladı ki, Rusiyanın Ukraynaya təcavüzünün ilk iki günü Qərb üçün də, Çin üçün də həlledici idi, əgər Moskva 48 saatda Ukraynanı işğal etsəydi, Qərb bununla asanlıqla barışacaqdı: " Keçid müddətində Qərb Rusiyanın hərbi gücünün döyüş meydanındakı dəyərləndirməsini apardı. Rusiyanın axsadığını görən Qərb Ukraynaya dəstəyini hərbi müstəvidə artırdı. İnanmıram ki, Rusiyanın planlarında SSRİ-nin bərpası əsas məqsəd kimi dayanırdı".
A.Kərimov hesab edir ki, Rusiya sadəcə keçmişin xiffəti ilə strateji xəttinin istiqamətlərini müəyyənləşdirirdi: "Təbii ki, Rusiya Ukraynada qalib olsaydı, daha sonra münaqişələrin səsi başqa yerlərdən çıxacaqdı və Cənubi Qafqaz da təhdid altına düşəcəkdi: "Lakin Azərbaycan üçün bu təhdidi sovuşduran xeyli faktor var - Rusiya ilə münasibətlərin normal tempdə olması və ən əsası Türkiyənin Azərbaycanın təhlükəsizliyinə zəmanət çıxması".
Siyasi şərhçi hesab edir ki, Rusiya özünün hədəflərindən yayınmayıb və postsovet ölkələri üçün hələ də təhlükələr qalmaqdadır: "Rusiyanın cari hədəfində Moldova amili daha aydın sezilir. Cənubi Qafqazda Gürcüstan və Ermənistan üçün də böyük təhlükələr mövcuddur və Rusiyanın bu ölkələrlə bağlı planları var. Rusiyanın Ukraynaya hərbi müdaxiləsi postsovet ölkələri qarşısında mühüm təhlükəsizlik çağırışları qoyur və ölkələr indi özlərinə zəmanətverici qüvvə axtarışına çıxıblar".
Banu,
SİTAT.İNFO