"Hazırki dövrdə dünyada əsas müzakirə olunan məsələlərdən biri də ərzaq təhlükəsizliyi məsələsidir. Bu ciddi bir məsələ olaraq müzakirə olunmaqdadır. Hətta yaxın zamanlarda dünyada qida qıtlığının olacağı və hətta müharibələrin bu istiqamətdə baş verəcəyi ilə bağlı analizlər də var".
Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında Ağ Partiya sədri Tural Abbaslı deyib.
O bildirib ki, belə bir zamanda hər ölkə çalışmalıdır ki, özünün qida və ərzaq təhlükəsizliyi məsələlərini öz resursları hesabına həll etsin, kənardan aslılığı minimuma endirsin: "Bəzi ölkələr var ki, onlar öz daxili istesah hesabına ödəyə bilmirlər. Amma o zaman da ehtiyat variant kimi taxıl külli miqdarda alınmalı və ambarlarda saxlanılmalıdır. Sonra lazım olanda istifadə edilməlidir".
T.Abbaslı hesab edir ki, Azərbaycanda yerli resurslardan istifadə olunmur: "Bizim taxıl ehtiyatlarımız 5-6 aylıqdır. Buna görə də Azərbaycan artıq bununla bağlı tədbirlər görməlidir və həyacanlanmalıdır. Bizdə belə bir təhlükə olmayacaq, deyə bir şey yoxdur".
Tural Abbaslının fikrincə, Azərbaycan Rusiya-Ukrayna müharibəsini nəzərə alaraq taxıl ehtiyatını gücləndirməlidir: "Azərbaycan əsasən taxılın 60 faizini Ukrayna və Rusiyadan alır. Hazırda da həmin iki dövlət müharibədə olduğu üçün özlərinin də hansı vəziyyətdə olacağı bəlli deyil. Bu ölkələrdə nə qədər taxıl tədarük olunacaq, ümumiyyətlə satılacaqmı? Satılacaqsa hansı qiymətə satılacaq? Və əsas məsələ - Azərbaycana satacaqlarmı? Bu sualları aktual olmalıdır. Amma düşünürəm ki, Azərbaycanın əkinə yararlı torpaq sahəsi kifayət qədərdir. Azərbaycan taxıl kimi strateji məhsulun əkilməsi üçün real stimullaşdırıcı addımlar atılmalıdır. Xüsusi ideyalar verməli, yardım etməlidir. Dövlətin özü də taxılı alıb ambarlara yığmalıdır".
Partiya sədri vurğuladı ki, daxili istehsal artırılmasa biz nə Rusiyadan, nə Qazaxıstandan nə də Ukraynadan taxıl ala biləcəyik: "Ümumiyyətlə başqa ölkələr də bununla bağlı limitlər tətbiq edib ,qadağalar qoya bilər. Biz də kimsədən aslı olmamalıyıq. Oturub arxayın olub gözləyəcəyiksə təbii ki, nə vaxtsa Azərbaycanda taxıl və un məmulatları qıtlığı yaşana bilər. Mənə bölgələrdən gələn əsas şikayətlərdən biri də əkilən taxılların suvarması üçün suyun olmamasıdır. Hansı ki, dövlət kiçik müdaxilələrlə bunları həll edib, bol məhsul götürülə bilər. Amma təəssüf ki, bu istiqamətdə işlər görülmür".
Lamiyə Xəqani
SİTAT.İNFO