44 günlük müharibədən sonra Rusiya Federasiyasının sülhməramlı kontingentinin dəstəyi ilə qondarma "Artsax" respublikasının dövlət strukturları formalaşır. Polis, Baş Prokurorluq və digər qurumlar açıqlamalar yayır, Ermənistan mətbuatı bu xəbərləri tirajlayır. Seperatçılar burada özlərinin hakimiyyəti olduğunu, istədiklərini edə biləcək potensialda olduqlarını düşünürlər . Rusiya sülhməramlıları da buna seyirçi qalır, hətta dəstək olur. Bəs 5 ilin sonunda sülhməramlılar getdikdən sonra, həmin xırda dövlət kimi formalaşmış qondarma rejimi dağıtmağımız çətin olacaqmı? Bu məsələ ilə bağlı indidən hansı işləri görməliyik?
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bu məsələ ilə bağlı SİTAT.İNFO-ya açıqlamasında bildirdi ki, bu hər kəsi narahat edən bir məsələdir: "Oradaki qeyri-qanuni rejim, quldur dəstəsi Rusiya sülhməramlılarının nəzarəti alında istədiklərini edirlər. Yəni, hər şeyi açıq şəkildə demək lazımdır. Rusiya orada ermənilərə şərait yaradır ki, hansısa qurumları formalaşdırırlar, siyasi mövcudluqlarını orada yaratsınlar.
Bu təhlükəli bir tendensiyadır. Rusiya buna görə məsuliyyət daşıyır və ermənilərin apardığı bu siyasət də Putinin bir ifadəsinə əsaslanır. 10 noyabr 2020- ci il razılaşmasından sonra Putinin açıqlaması oldu və bildirdi ki, Qarabağın erməni yaşayan hissəsində hələ status-kvo saxlanılır və oradaki məsələ sonra müzakirə olunacaq. Status-kvo dedikdə, quldur rejiminin mövcudluğu nəzərdə tutulur. Ermənilər də belə bir razılaşmadan sui-istifadə edirlər. Ona görə də, məsələyə Azərbaycan aydınlıq gətirməlidir”.
Akif Nağının sözlərinə görə, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmayıb və imzalanana qədər Azərbaycan tərəfi müəyyən addımları atmalıdır: ”Azərbaycan tərəfinə sülhməramlıların, qeyri- qanuni dəstələrin silahsızlaşdırılması, Ermənistan hərbi qüvvələrinin ərazidən çıxarılması üçün ilə gəldiyi izah edilib. Amma indi onlar faktiki olaraq qanunsuz silahlı erməni dəstələrinə himayədarlıq edirlər. Orada hər hansı qurumdan söhbət getməməlidir, ancaq dinc əhali yaşamalıdır. Ola bilər ki, müvəqqəti olaraq Rusiyanın nəzarəti altında yaşayırlar, amma Azərbaycanın vətəndaşı kimi nəzərdən keçirilməlidir”.
A. Nağı onu da vurğulayıb ki, ermənilər Azərbaycan ərazisində başqa niyyətə düşməməli, qeyri- qanuni struktur yaratmamalıdırlar: "Bu tələblər Rusiyanın qarşısına Azərbaycan tərəfidən qoyulmalıdır. Əgər Rusiya buna əməl etməyib öz siyasətinə davam edəcəksə, onda Azərbaycan başqa metodlara əl atmalıdır. Təbii ki, hərbi qarşıdurmaya getmədən, yumşaq şəkildə güc tətbiq etməklə Xankəndinə doğru irəliləməli, Xankəndini və digər əraziləri nəzarətə götürməlidir. Əgər oradaki quldur dəstələri, yaxud Rusiya sülhməramlıları tərəfindən müqavimət göstəriləcəksə, onda Azərbaycan vaxt itirmədən lokal hərbi əməliyyatlara başlamalıdır”.
Nigar Abuzər
SİTAT.İNFO