"Müharibə veteranının aldığı 80 manat çox azdır, artırılmasına çalışmalıyıq" - Razi Nurullayev

16:02 18 May 2022

“Kim vuruşubsa  veteran adı və təqaüd almalıdır,kimin problemi varsa, müraciət edə bilər”-deputatdan açıqlama

Müharibədə iştirak edib, sağlam şəkildə geri dönən gənclərə müharibə veteranı adı verilir və onlar müvafiq təqaüdlə təmin olunurlar. Artıq minlərlə gənc bu təqaüdlə təmin olunsa da, hələ də sözügedən statusu ala bilməyənlər var. Müdafiə Nazirliyindən verilən məlumata görə, hazırda 12 mindən  çox vətən müharibəsi iştirakçılsının arayış-məlumatları hazırlanır. Onlar tam hazırlanıb yekunlaşdıqdan sonra baxılması və qərar verilməsi üçün müvafiq komissiyaya göndəriləcək.

Digər bir məsələ veteranlara verilən təqaüdün məbləğidir. Hazırda Azərbaycanda müharibə iştirakçılara  80 manat təqaüd verilir ki, bu tələbə təqaüdündən belə aşağıdır. 80 manatın artırılması gündəmdədir, ancaq hələ hökumətdən konkret açıqlama gəlməyib. 

Məsələ ilə bağlı SİTAT.İNFO  -ya açıqlama verən millət vəkili Razi Nurullayev bildirdi ki, bu günə qədər 76 min nəfərə "müharibə veteranı" adı verilib, 14 min nəfərin məlumatları isə nəzərdən keçirilir: "Kimdə bu məsələ ilə bağlı problem olubsa, mənə fərdi şəkildə müraciət edə bilər  mən müraciətləri aidiyyatı üzrə göndərərəm. Əksər hallarda vətəndaş haqlıdırsa, bu ad bərpa olunur. Bu gün belə bir problemi olan insanlar varsa, mənə müraciət etsələr, aidiyyatı üzrə çatdırıb, üzərində duraram ki, onların haqqları tapdalanmasın. Kim vuruşubsa təbii ki, veteran adı və təqaüd almalıdır, başqa cür ola bilməz”. 

Razi Nurullayev müharibədə iştirak etməyən, ehtiyat qüvvə kimi yaxın ərazidə xidmət edən əsgərlərin də "müharibə veteranı" adı almaq istəyindən danışaraq bildirdi ki, bu məsələ də hazırda müzakirə olunur: "Bir problem də var ki, onunla bağlı mənə də müraciət daxil olub. Müharibədə iştirak etməyən, amma müharibə zonasına yaxın yerdə rezerv kimi gözləyən hərbi hissələr olub. O hissələrin əsgərləri müharibədə iştirak etməyiblər. Amma, onlar düşünür ki, həmin  ərazidə olduqlarına görə veteran adı almağa haqqları var. Bu məsələni hökumət  müzakirə edib”.

Millət vəkili də etiraf etdi ki, müharibə iştirakçısına verilən 80 manat xeyli az məbləğdir: "Əvvələr lap az idi, indi 80 manata qaldırıblar. Düşünürəm ki, bu məbləğin də artırılması ilə əlaqədar müəyyən qərar qəbul olunacaq. Mən və digər millət vəkilləri bu məsələni Milli Məclisdə müzakirəyə çıxarmışıq. Belə hesab edirəm ki, bununla bağlı müəyyən nəticələrə nail olmaq üçün əlimizdən gələni edəcəyik”.

Nigar Abuzər

SİTAT.İNFO



Xəbər xətti