Azərbaycanda əczaçılıq sənayesi zəif inkişaf etdiyindən ölkəmizə dərmanlar əsasən xarici ölkələrdən gətirilir. Bu ölkələr arasında Rusiya və Ukrayna da var. Hazırda bu iki dövlətin müharibə aparması, Ukraynanın bir çox şəhərlərinin dağıdılması, logistik əlaqələrin qırılması, Rusiyanın sanksiyalara məruz qalması nəticəsində yaranan problemlər dərman ixracını da məhdudlaşdırıb ki, bunun Azərbaycana da təsirləri az olmayacaq.
Bəs görəsən, bütün bunlar ölkəmizdə dərmanların qiymətinə necə təsir göstərəcək?
Mövzu ilə bağlı SİTAT.İNFO - ya açıqlama verən həkim-cərrah, tibb elmləri doktoru Adil Qeybulla bildirib ki, Azərbaycan dərman bazarının birbaşa Ukrayna və Rusiyadan, o cümlədən İrandan,Türkiyədən, Hindistandan asılılığı var: "Buna baxmayaraq Braziliya və digər ölkələrdən də dərman idxal olunur. Yəni, bizdə dərman istehsal olunmadığı üçün idxaldan asılıyıq. Bu özünü indidən bəzi dərman preparatlarının yoxa çıxması, defisitin artmasında göstərir".
Adil Qeybulla vurğuladı ki, Rusiya ilə iqtisadi əlaqələrimizin getdikcə azalması nəticəsində problemlər yaranacaq: "Ona görə də çalışıb alternativ mənbələr tapmalıyıq. Dərman bazarında yaranan və yaranacaq krizisin qarşısını almaq üçün indidən dövlət və müvafiq strukturlar bununla bağlı işlər görməlidir. Ən azından istifadəsi çox lazımlı, icbari sığorta paketinə daxil olan dərman preparatlarının idxalına xüsusi diqqət yetirilməlidir”.
Nigar Abuzər
SİTAT.İNFO