44 günlük Vətən müharibəsində Ermənistan sadəcə cəbhədə vuruşmadı, həmçinin dinc əhalini, cəbhə xəttindən kilometrlərlə uzaqdakı şəhər və rayonlarımızı da hədəfə alırdı. Ermənilər müharibə dövründə Gəncə şəhərinə də ciddi ziyan vurdular. Burada çox sayda insanın mülkləri dağıldı, yaşayış binaları vuruldu, ailələr evsiz-eşiksiz qaldılar. Bəs dövlət zərərçəkənlərin evlə təmin olunması prosesini yekunlaşdırıbmı? Bu sahədə hansı addımlar atılıb?
Bununla bağlı SİTAT.İNFO- ya məlumat verən deputat Naqif Həmzəyev bildirdi ki, zərərçəkmiş vətəndaşların evlə təmin olunması prosesi ən gec bu ilin sonu yekunlaşacaq.
"Gəncə terroru zamanı evləri dağılmış və ziyan görmüş vətəndaşların problemlərin həlli ilə bağlı Azərbaycan dövləti təxirəsalınmaz işlər həyata keçirir. Vətəndaşların böyük əksəriyyəti mənzillərlə təmin edilib. Ancaq bəzi vətəndaşlar var ki, onlar həyət evlərinin tikilməsini tələb edirdilər, bu baxımdan həmin evlərin tikintisi həyata keçirilir. Böyük ehtimalla bu ilin sonunda həmin tikinti işləri yekunlaşacaq və evlər onlara təhvil veriləcəkdir".
Deputat həmçinin qeyd etdi ki, vətənadaşların bəziləri ilə mübahisəli vəziyyətlər də yaranıb: "Zərər çəkənlərdən bir qismi ev yox, öz mülklərinin dəyərində vəsait tələb edirdilər. Məndə olan məlumata əsasən həmin şəxslər də vəsaitlə təmin edilib. Ancaq bir neçə vətəndaş var ki, onlarla mübahisəli vəziyyət yaranıb. Məsələnin həlli ilə bağlı xüsusi komissiya işlərini davam etdirir. Ehtimal olunur ki, onların da şikayətləri və narahatlıqları nəzərə alınaraq o problemlərinə köməklik göstəriləcəkdir.
Bir qrup insanın da evlərinə müəyyən dərəcədə ziyan dəydiyi üçün onlara müvafiq vəsaitlər ödənilib, amma onlar ödənilən vəsaitdən və ya təmirdən razı deyillər. Onların da haqlı narazılıqlarının həlli ilə bağlı komissiya öz işini davam etdirir və aidiyyatı qurumlar bu problemləri nəzarətdə saxlayır. Biz də mütəmadi olaraq aidiyyati qurumlara vətəndaşların problemlərini çatdırırıq. İstənilən halda bu problem hər birimizi narahat edir. Ümumilikdə zərərçəkənlərin böyük əksəriyyətinin problemləri həll olunub. Digər vətəndaşların da problemləri qısa zamanda həll olunacaqdır. Ümid edirik ki,ən qısa zamanda bütün zərərçəkmiş vətəndaşlarımız mənzil problemi tamamilə həll ediləcək, ən geci bu ilin sonunadək onlar razı salınacaqdır".
Lamiyə Xəqani
SİTAT.İNFO