Qərbin sanksiyaları effekt vermir: Rus qazından necə imtina etsinlər?

12:25 25 May 2022

İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunun (WEF) toplantısında çıxış edən Ukrayna prezidenti Zelenski dünyaya çağırış edib. Görüşdə videokonfrans formatında iştirak edən Zelenski  “Rusiyaya neft embarqosu” tələbini təkrarlayıb. Zelenski bildirib ki, Rusiyanın təcavüzünü dayandırmaq üçün sanksiyalar daha da irəli getməli və Rusiya ilə ticarəti tamamilə kəsməlidir. Bəs bu nə dərəcədə realdır və neft-qaz sahəsində Avropanın Rusiyadan asıllığı qısa müddətdə aradan qaldırıla bilərmi?

Mövzu ilə bağlı iqtisadçı Elşən Bağırzadə SİTAT.İNFO-ya açıqlamasında bildirdi ki, Avropa İttifaqı təbii qaz idxalının təxminən 40 faizə qədərini, xam neft idxalının isə 30 faizə qədərini Rusiyadan həyata keçirir: “Rusiya neftindən imtina Avropa üçün nisbətən daha qısa müddətdə ola bilər. Mövcud alternativ təchizatçıların vəziyyəti, mövcud infrastruktur, nəqli imkanları və alternativ enerji mənbələrinə qoyulan investisiyalar bunu deməyi mümkün edir”.

Elşən Bağırzadənin fikrinə əsasən, Rusiya təbii qazından qısa müddətdə imtina bir qədər real görünmür: “Bunun üçün zamana ehtiyac vardır. Çünkü təbii qazın alternativ təchizatçıları, onun nəqli imkanları və depolama imkanları kifayət qədər məhduddur. Bunun üçün bir qədər zamana ehtiyac var. Ancaq Avropanın bu imtina prosesini Rusiya neft və qazından əhəmiyyətli dərəcədə asılı olmayan ölkələr üzrə başlatması daha real görünür. Avropa İttifaqı üzvlərinin heç də hamısı Rusiya neft və qazından eyni dərəcədə asılı deyil. Almaniya və bəzi Şərqi Avropa ölkələri bu prosesə bir qədər sonra da qoşula bilər”.
 
Safura Bənnayeva

SİTAT.İNFO

 



Xəbər xətti