Vəziyyət Rusiyanın əleyhinə çevrilməkdə: Donbası və Krım yarımadasını da itirə bilər

17:18 25 May 2022

"Ukrayna savaşı hər ötən gün Rusiya üçün daha ağır hərbi-siyasi və maliyyə-iqtisadi yükə çevrilir. Bütün dünyadan təcrid olunan Rusiyanın savaş resursları artıq tədricən tükənməyə başlayıb. Ona görə də, Rusiya Ukrayna savaşını davam etdirməkdə çətinlik çəkir. Və bu baxımdan, Rusiyanın Ukraynada hərbi əməliyyatları ləngitməsi qətiyyən gözlənilməz deyil".

Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. 

Onun sözlərinə görə, Kremlin savaşın ləngiməsini mülki əhalini qorumaq niyyəti ilə izah etməyə çalışması reallıqla uyuşmur: "Buna yalnız sadəlövhlər inana bilər.
Məsələ ondadır ki, Rusiya Ukrayna savaşı başladıqdan sonrakı 3 ayda mülki əhalinin qorunması barədə ümumiyyətlə, düşünməyib. Əksinə, uşaq bağçalarına, məktəblərə, xəstəxanalara, yaşayış binalarına raket zərbələri endirib. İşğal etdiyi müxtəlif şəhər və qəsəbələrdə mülki şəxslərə qarşı kütləvi qətliamlar törədib. Son məlumatlara görə, bu savaşda əksəriyyəti uşaqlar, qadınlar və qocalar olmaqla, 6 minə yaxın mülki şəxs həlak olub. Bütün bunları törədən Rusiyanın indi mülki şəxsləri qorumaq niyyətinə düşməsinə heç kim inanmaz".

E.Xalidbəylinin sözlərinə görə, böyük ehtimalla Kreml artıq Rusiya ordusunun savaş qabiliyyətini itirmək üzrə olduğunu anlamağa başlayıb: "Rusiya bu savaşda qarşıya qoyulan heç bir hədəfə çata bilməyib. İndiki mərhələdə isə savaş meydanında vəziyyət Rusiyanın əleyhinə çevrilməkdədir. Kreml Rusiyanın Ukrayna savaşında məğlubiyyətə uğraya biləcəyinə artıq olduqca ciddi yanaşır. Ona görə də, Rusiya savaşdan çıxmağın ən sərfəli yollarını axtarmağa başlayıb. Kreml üçün məhz bu mərhələdə, yəni, Rusiyanın Ukrayna ərazilərinin müəyyən hissəsini işğal altında tuta bildiyi vəziyyətdə sülh danışıqlarına başlamaq daha sərfəlidir. Rusiya Ukrayna savaşından nisbi üstünlük ilə çıxmağa can atır. Çünki, əgər, savaş bir qədər də uzansa, Rusiya Donbası və Krım yarımadasını da itirə bilər. Rusiya savaş resurslarını tükətmək üzrə olduğundan Kreml başqa regionlardan, hətta Suriyadan belə, hərbi kontingentini çıxarıb, Ukraynaya göndərmək məcburiyyətində qalıb".

Politoloqun sözlərinə görə, məsələ ondadır ki, hazırda Ukrayna Rusiya ilə danışıqlar aparmaq istəmir: "ABŞ və Qərb də rəsmi Kiyevə Rusiyanın tam məğlubiyyətinə qədər sülh danışıqlarından çəkilmək təlimatı vermiş kimi görünür. Və indi Rusiya tam küncə sıxışdırılmış vəziyyətdədir. Bütün bunlar onu göstərir ki, Rusiyanın mülki şəxsləri qorumaq niyyətinə düşməsi qətiyyən inandırıcı deyil. Ola bilsin ki, Kreml bu bəhanə ilə hərbi əməliyyatları dayandırmaqla, Avropadakı Almaniya və Fransa kimi ənənəvi tərəfdaşları üzərindən sülh danışıqları mühitinin yaradıla biləcəyinə ümid bəsləyir. Yəni, Kreml məğlubiyyətin qaçılmaz ola biləcəyi mərhələyə yaxınlaşdığını anlamağa başlayıb. Ona görə də, Ukrayna savaşından kiçik də olsa, üstünlüklə çıxmaq istəyir. Ancaq ABŞ və Qərbin Rusiyaya tam məğlub olub, dünya supergücündən adi regional dövlətə çevrilənə qədər savaşdan çıxmaq imkanı tanıyacağı qətiyyən inandırıcı görünmür".

Lamiyə Xəqani

SİTAT.İNFO



Xəbər xətti