SİTAT.İNFO-nun intiharlarla bağlı paylaşımına heç gözləmədiyimiz bir rəy gəldi. İsmayıllı rayon sakini olan İlham Mahmudov adlı sosial şəbəkə istifadəçisi intihar etmək fikrində olduğunu, bir neçə dəfə buna cəhd etdiyini, hətta qızının onu ipdən xilas edərək qurtardığını yazdı.
Qan donduran bu etirafa laqeyd qala bilmədik. Şəxsi hesabına yazaraq, niyə bu yola əl atdığını və necə kömək edəcəyimizi öyrənməyə çalışdıq.
Bəlli oldu ki, İsmayıllı rayonunda yaşayan İlham Mahmudovun 44 yaşı var. Biri qız, ikisi oğlan olmaqla 3 övladı var. Hazırda intihar həddində olmasının səbəbi isə maddi problemlər, işsizlik və ailəsinə baxa bilməməsidir.
İlham Mahmudov bizə danışır: "Qızım 11-ci sinfi bitirib, artıq ali mektebe imtahan verəcək. Oğlum 9-u bitirib, hərbi məktəbə getmək istəyir. Kiçik oğlum 2-ci sinifdə oxuyur. İşimiz yoxdur, kənd yerində bütün dövlət işlərini bir ailə mənimsəyib, başqa heç kimi işlə təmin etmirlər. Məktəb, bağça, kitabxana, klub, idarə, həkim məntəqəsi və sair yerlərdə həmin ailə öz qohumlarını təyin edib və onlara maaş verir".
İlham Mahmudov bildirir ki, tək istədikləri heç olmasa Dövlət Məşğulluq İdarəsindən kömək alıb çörək pulu qazanmaqdır:
"4 ildir məşğulluq idarəsinə, özünəməşğulluq proqamına yazılmışıq, hələ ki heç nə verilməyib. Sosial yardım da ala bilmirik. Deyirlər ya özün, ya yoldaşın işləməlidir.
Torpağımız yoxdur. Bizim əsas istəyimiz özünəməşğulluq proqramı çərçivəsində heyvan götürüb öz təsərrüfatımızı qurmaqdır ki, çörəyimiz, işimiz qazancımız olsun. Onu da 4 ildir ki, ala bilmirik. Nazirlik gəlib monitorinq keçirsə, bilərik ki, heyvan verirler işimiz, qazancımız olar. Gözləyirik və gəlib baxan yoxdur".
İlham Mahmudov həmçinin ürək xəstəsi olduğunu və dərmanlarını ala bilmədiyini deyir:
"Özüm xəstəyəm. 22 ildir aldığım təqaüdü 2021- ci ilin fevral ayında dayandırdılar. Bilmirik dərdimizi kimə deyək, kimdən kömək istəyək. Kimdən kömək istəyiriksə olmur. İcra hakimiyyətinə müraciət etdik, 350 manat maddi yardım etdilər. O da heç bizim xırda çətinliklərimizi , mənim iynə-dərmanımı ödəmədi. Müalicəm üçün ayrılsa da, sosial problemlərə xərclədim.
Təqaüdümü bərpa ede bilmirəm. Men 15 il ərzində hər il komissiyaya getdim, sonra birdəfəlik etmək üçün bizdən pul istədilər. İmkanım olmadığını dedim. Dava - dalaşdan sonra 5 illik verdilər. 2021-ci ilin fevralında 5 il tamam oldu. Məni Bakıya qəbula yazırlar. Yol pulum yoxdur ki, gedim komissiyaya. Orada da həkimlər pul istəyir"
İlham Mahmudovun sözlərinə görə, evlərində adi ərzağa belə möhtacdırlar:
"Çətin durumdayıq. Ərzaq ve una ehtiyacımız var, evə bir qəpik gəlir gəlmir. Qaza 370 manat borcumuz var. Neçə ildir ödəyə bilmirik, gəlib kəsmişdilər, bayramda açıblar. Yenə gəlib kəsəcəklər. İşığa da 70 manat borcumuz var. Kənddə 2 market var, borcumuz çox olduğu üçün heç kim borc vermir. Un olmur, uşağa çörək verə bilmirik, çox ağır vəziyyətdəyik".
Övladlarına gün ağlaya bilmədiyini düşünən İlham Mahmudov son çıxış yolunu intiharda görür:
"Artıq dayana bilmirəm. Bir düşüncəm var ki, neçə gündü onu etmək istəyirəm. Hər tərəfli araşdırıb öyrənmişəm. Özümü öldürsəm, intihar etsəm məndən sonra ailəmə, yoldaşıma" ailə başçısını itirdiyinə görə" müavinət verəcəklər. Bəlkə onda ailəm az da olsa rahat yaşayar. Ayda 250 manat müavinət alar, ən azı kommunal borclarını verərlər, uşaqlarım az da olsa yemək tapar. Mənim yaşamağımın nə xeyri var, ölsəm yenə nəsə yardımım toxunacaq.
Başqa çıxış yolumuz yoxdur. Bu gün, bu saat intihar edərəm, sadəcə qızım keçir önümə. Ona görə hələ dözürəm.
Qızım mənim hər şeyimdir, onun təhsil almasını, gələcəyinin işıqlı olmasın istəyirəm. Xahiş edirəm işıqlandırın, bəlkə kimsə yardım edər. O qədər ölkənin mərhəmətli insanları var ki..."
P. S. İlham Mahmudovu intihar fikrindən daşındırdıq, ona ümid verdik. İşıqlandırarıq, kömək olunar- dedik. İndi onun son ümidinin boşa çıxmaması aidiyyəti dövlət qurumlarının və yardımsevər şəxslərin əlindədir. 44 yaşlı ailə başçısı, əmək qabiliyyətli ailə iş axtarır.
Yardım etmək istəyənlər üçün İlham Mahmudovun əlaqə nömrəsi: 055 365 62 87
Lamiyə Xəqani
SİTAT.İNFO