Rusiya “X” anında “Ölü əl”i işə sala bilər: Putin isə sui-qəsddən ehtiyat edir...

08:07 27 May 2022

"Nüvə silahı olan dövlətlərdə ən təhlükəli “X” anı üçün son zərurət tədbiri görülməsi planları mövcuddur. Belə ki, həmin ölkələr özlərinin strateji maraqlarına və dərinliklərinə zərbələr endiriləndə cavab tədbirini özündə ehtiva edən hərəkətləri işə sala bilərlər. Belə sistem, ABŞ-da var, Rusiyada da, Britaniyada da. Rusiyada “Ölü əl” nüvə hücum nəzarət sistemi mövcuddur. Düşünürəm ki, həmin sistem Rusiya-Ukrayna müharibəsi fonunda Qərbdən Rusiyaya endirilə biləcək hər hansı zərbələrə qarşı işlək vəziyyətdədir və Rusiyanın son müdafiə tədbiri kimi nəzərdə tutulur".

Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında siyasi şərhçi Aqşin Kərimov deyib.

Onun sözlərinə görə, "ölü” əl tamamilə avtomatik sistem kimi təsvir edilir: "O, üç mütəxəssis tərəfindən idarə olunur. Bu da ona görədir ki, onun işinə heç kimin müdaxilə etmədiyinə əminlik yaransın. “Ölü əl”in Britaniya analoqu “Trident” nüvə raketləri ilə təchiz olunmuş “Letters of Last Resort” sualtı gəmiləridir. “X” anında nüvə dövlətlərinin rəhbərliyi taktiki zərbə ilə öldürülsə, həmin sistemlərə avtomatik xəbərdarlıqlar edilir. Mən düşünürəm ki, “nüvə çantası” deyilərkən həm də bu cür hallar nəzərə alınır".

A.Kərimov vurğuladı ki, nüvə çantalarının daşına bilən olması da mümkündür, ən azından Qərb mətbuatındakı məlumatların analizi bu fikri səsləndirməyə əsas verir: " Rusiyada 3 belə çantanın olduğu əvvəldən də deyilirdi: Onlardan biri Vladimir Putində, digərləri isə onun ən etibar etdiyi şəxslərdədir".

Sui-qəsdə gəlincə, ekspert bildirdi ki, bu, tamamilə mümkün ssenaridir: "Rusiyada hazırda Qərbin agentura şəbəkəsi güclü işləyir və əlləri ən məxfi materiallara belə çatır. Bunu Putin da anlayır, apardığı “təmizləmə əməliyyatı” isə ona qarşı yönələ biləcək sui-qəsd planlarını arxa plana atmır. Ona görə də, Putin hər vəchlə məsafəli davranır, düşünürəm ki, KQB məktəbinin ruhu da Putinin çəkinməsi üçün əsaslar verir".

Banu,

SİTAT.İNFO



Xəbər xətti