Tovuzun icra başçısı bayrağa hörmətsizlik etdi, şəhid qardaşı etiraza qalxdı - VİDEO

21:10 30 May 2022

Şəhid Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu bayrağa hörmətsizlik edən Tovuzun icra başçısına etiraz edib. 

Bu barədə o, SİTAT.İNFO-ya danışıb:

"Torpağımızın bütövlüyü, üç rəngli bayrağımızın daima yüksəklərdə dalğalanması üçün, işğalda olan dədə-baba yurdlarımızın azadlığı uğrunda 3000-ə yaxın şəhid verdik. 44 günlük Vətən müharibəsi zamanı və müharibədən sonra həmin şəhidlər üçrəngli bayrağımıza sarılıb son dəfə evlərinə aparıldı, sonra dəfn edildi. Şəhidlərin tabutuna sarılan bayraqlar onların valideynlərinə, qardaşlarına təqdim edildi. Şəhid əzizləri o qədər ağır dərdin içində bayrağı öpdü, alnına qoydu, sinəsinə sıxdı.

O bayraq şəhid ailələri üçün dəyərlidir, onda şəhidin ruhu var, onda torpağın bütövlüyü var, onda Vətənə sayğı var. Amma təəssüflər olsun ki, zaman-zaman həm bayrağa, həm də şəhidlərə hörmətsizliyin şahidi oluruq. Dəfələrlə olub ki, şəhidlərin məzarı üzərindən, yaşadıqları evlərin qapısından asılan bayraqları qurumların əməkdaşları qoparıb və bu böyük ictimai qınağa, narazılığa səbəb olub. Bir neçə gün əvvəl Tovuzda şəhid dəfni zamanı bayrağın təqdim etmə şəkli də böyük müzakirəyə səbəb oldu.

Bayraq əgər şəhid atasına təqdim edilirsə, səliqəli şəkildə qatlanır, öpülüb göz üstünə qoyulur. Amma məlum videoda gördük ki, bayraq səliqəsiz şəkildə, öpülmədən tələsik formada şəhid atasına verildi . Bu da haqlı müzakirələrə səbəb oldu. Şəhid qardaşı olaraq mənə də pis təsir etdi. Çünki mənim qardaşım da üçrəngli bayrağa sarılmışdı, həmin bayrağı bugün ən əziz xatirə kimi qoruyub saxlayırıq. Vəzifəsindən, cəmiyyətdə tutduğu mövqedən asılı olmayaraq bayrağı hər kəs sevməli, onu qorumalıdır. İcra hakimləri də bayrağı təqdim etmə şəklini bilməlidir və hörmətlə şəhid atasına təqdim etməlidir".



Xəbər xətti