Məlum olduğu kimi, 2020-ci ilin dövlət büdcəsində neftin 1 barelinin qiyməti 50 dollardan götürülüb. Amma indi dünyada neft qiymətləri 120 dolların üzərindədir. Adətən bu kimi hallarda birinci yarımilin sonunda büdcəyə yenidən baxılması təcrübəsi var. Bəs görəsən bu il büdcəyə yenidən baxıla bilərmi? Vəsait hansı istiqamətdə yönəldilə bilər ?
Mözvu ilə bağlı SİTAT.İNFO-ya açıqlama verən iqtisadçı alim, deputat Vüqar Bayramov bildirir ki, neftin dünya bazarında qiymətinin büdcədə nəzərdə tutulandan çox olması Dövlət Neft Fondunun gəlirlərini artırır : "Eyni zamanda Azərbaycanın dövlət rezervlərinin artmasına gətirib çıxarır. Geridə qalan ayların nəticələri göstərir ki, qeyri-neft sektorundan da daxilolmalar proqnoza nisbətən daha çoxdur. Yəni bugün praktiki olaraq büdcə gəlirlərinin formalaşmasında nə neft sektoru üzrə, nə də qeyri-neft sektoru üzrə hər hansı bir kəsr yoxdur. Proqnozdan daha çox vəsait qeyri-neft sektorundan büdcəyə daxil olub".
Vüqar Bayramov qeyd etdi ki, büdcəyə dəyişiklik aidiyyəti dövlət qurumu tərəfindən Milli Məclisə təqdim olunduğu halda baxılır, müzakirə olunur : " Əgər belə bir layihə Milli Məclisə təqdim olunarsa, biz təbii ki, həmin vəsaitlərdən hansı istiqamətə ayrılması ilə bağlı təkliflərimizi təqdim edəcəyik. Amma hələlik parlamentə 2022-ci ilin dövlət büdcəsinə əlavə və dəyişikliklərin edilməsi ilə bağlı layihə təqdim olunmayıb. Eyni zamanda büdcənin qeyd etdiyim kimi qeyri-neft daxil olmalarından da daha çox vəsait büdcəyə daxil olub. Bu da təbii ki, xərcləmələrin proqnozlaşdırdığı həcmdə həyata keçirilməsinə imkan yaradır".
Vüqar Bayramov vurğuladı ki, neftin dünya bazarında qiymətinin yüksək olması Dövlət Neft Fondunun aktivlərini artırmaqla yanaşı növbəti illərdə daha çox vəsaitlərin investisiya və sosial istiqamətə ayrılmasına zəmin yaradır : "Hər halda bu ilin dövlət büdcəsinin xərclərinin 46,5 faizi sosial xərclərdir. 2022-ci ilin büdcəsi müstəqillik ilinin ən böyük büdcəsidir. Bu konteksdən nə sosial, nə də digər xərclərin yerinə yetirilməsində hər hansı bir çətinlik yoxdur. Və bu istiqamətdə vəsaitlərin nəzərdə tutulduğu, proqnozlaşdırıldığı həcmdə ayrılması həyata keçirilir. Amma hələlik qeyd etdiyim kimi Milli Məclisə dəyişikliklərlə bağlı hər hansı layihə təqdim olunmayıb".
Ləman Sərvanqızı
SİTAT.İNFO