Uşaqların inkişafında, şəxsiyyət kimi formalaşmasında və uğurlu gələcəyində ailənin rolu böyükdür. Hər dövr üçün aktual olan məsələlərdən biri də valideynlərin uşaqları tərbiyələndirmək naminə fiziki və psixoloji şiddət göstərmələridir.
Maraqlıdır ki, şiddət uşaqlara necə təsir edir və gələcəkdə nə kimi fəsadlara yol açır? Əslində tərbiyə üsulu necə olmalıdır?
Sözügedən məsələ ilə bağlı Sitat.info-ya açıqlama verən psixoloq Sevinc Baxışova bildirdi ki, valideyn uşağını şəxsiyyət olaraq görmək istəyirsə, ona fərd kimi yanaşmalıdır :” Bu gün valideyn uşağın hansısa səhvinə görə şiddət göstərə bilər, amma sabah o uşaq özünü şəxsiyyət kimi, fərd görəcəkmi? Şiddət görən uşağın yaşadığı həyatı öz ailəsinə, uşaqlarına köçürmə ehtimalı daha çoxdur, nəinki bacarıqlı, anlayışlı ailəni idarə edən bir insan olmaq ehtimalı . Hər valideyn qarşısında uğurlu, bacarıqlı övlad görmək istəyir. Amma şiddət görən uşaqlar özgüvənsiz böyüyürlər.
Psixoloq vurğuladı ki, şiddət görən uşaqlar gələcəkdə cəmiyyətdə özlərini doğrulda bilməyəcəklər: "Bir valideyin ki, öz əlləri ilə uşağının özgüvənini, yaxud fərd olaraq özünə hörmətini öldürürsə, burada hansı uğurdan söhbət gedə bilər? Özgüvənsiz bir uşağın gələcəkdə öz məqsədlərinə çatmağa motivasiyası belə olmaz.Məhz elə şiddətin nəticəsində uşaqlar həyatda zəif bənd olar! Valideyn öncə uşağını yaxşı tanımalıdır, onu hiss etməlidir. Uşağın səhvini başa salmalıdır, amma tənqid formasında deyil".
Sevinc Baxışova onu da bildirdi ki, şiddət uşaqlara heçnə vermir, əksinə həyata, insanlara olan güvənini belə əllərindən alır: ”Biz kölə deyil, şəxsiyyət formalaşdırıb, cəmiyyətə sağlam ruhda böyüyən bir övlad yetişdirməliyik. Qorxu hissi ilə böyüyən uşaqların qorxuları onların həyatında bir ömür izini buraxır. Şiddət deyərkən təkcə uşağın aşağılanmasını, döyülməsini nəzərdə tutmuram. Gözü önündə atasının anasını döyməsinə də şiddət deyilir. Əgər uşaq bu kimi mənzərənın şahidi olarsa, bu bir mənalı olaraq uşağın şəxsiyyətinin əzilməsidir. Nəticədə ata və uşaq arasında emosional bağın qırılmasına səbəb olur”.
Psixoloq yarana biləcək fəsadardan danışdı: “Şiddətə məruz qalan uşaqlarda bir çox fəsadlar yaranır. Ünsiyyət problemi, özünə qapanma, inamsızlıq, qorxu, ailə qurmaq qorxusu kimi gələcəkdə özünü göstərir. Uşaqlar şiddəti unutmurlar! Əziz valideyinlər sadəcə uşaqlarınızı dinləməyi bacarın. Hətta ən adi uğurlarını görəndə onları tərifləyin, öz etiraflarınızda səmimi və təriflərinizdə səxavətli olun. Uşaqlara sevginizi əsirgəməyin, bu zaman siz əsl özgüvənli şəxsiyyətli övlad qazanmış olarsız.Uşaqlar sizə Allah tərəfindən verilən ən gözəl paydır və bir sınaqdır. Onları sadəcə sevin”.
Nigar Abuzər
SİTAT.İNFO