Zelenski hökumətində çatlar yaranacaq: Hələ Azov əsirləri dönsə...

07:30 4 İyun 2022

Rusiya Ukraynanın 20 faiz ərazisini işğal edib və Qara dənizə çıxışını bağlayıb.  Amma Qərb hələ də iddia edir ki, Rusiya öz hədəflərinə nail olmayıb. 

Bu bir informasiya siyasətidirmi, yoxsa həqiqətən Rusiyanın durumu çətindir? 

Mövzu ilə bağlı SİTAT.İNFO-ya açıqlama verən siyasi şərhçi, Ağ Partiya sədrinin müşaviri Azər Hüseynov bildirdi ki, siyasi şərhçilər çox zaman doğruları demirlər: "İlk öncə siyasi şərhçilərə səslənərdim. Cəmiyyət eşitmək istədiyini deyil, cəmiyyətə siyasi faydalı olanı demək lazımdır. Mən sizə və digər medialara öncədən demişdim ki, Rusiya öz 500 illik imperial keçmişi və qeyri səlis hərəkət məntiqi ilə Qərbi bu məsələdə parçalayacaqdır. Təqdiri Ilahi elə də oldu. Nə üçün? Çünki Qərb bir klubdur. Rusiya 200 kilometr qabağa gedəndə bunlar naz- qəmzələri ilə məsləhətləşənə kimi, bir mərkəzdən hərəkət edib 200 km də önə gedir.  İndi Rusiyanın planı Şərqi Ukraynada paralel dövlət qurmaqdır. Bu əslində Avropanın növbəti dəfə  bölünməsi deməkdir".

A.Hüseynov çox maraqlı bir proqnoz da səsləndirdi: "Daha sonra bunu ilk dəfə burada SİTAT.İNFO-ya deyirəm, Zelenski hökumətində çatlar əmələ gələcək. Hələ, o Azov əsirləri bir dönsün. Ruslar çox güman ki, onların bir qismini buraxacaq, onlar da dönüncə yeni problemlər olacaq. Okeanın o tayı Ukraynanı, eyni zamanda qeyri-militar Avropa sülalələrini oynadır. Burada yeganə səmimi ikilik Azərbaycan və Türkiyədir. Azərbaycan öz humanitar yardımları və milli maraqlarına uyğun duruşu ilə, Türkiyə də öncüsü olduğu yeni dünya adil düzəni ilə. Rusiyanın sanksiyalarla iflas edəcəyini pafosla söyləyən, ictimai sifarişə görə danışan siyasət bilginləri haradadır? Rusiyanı dəngədə saxlamağın bir yolu var, o da Türk Islam Ülkülü yeni dünya düzəni. Öncə Türk dünyasının, daha sonra islam ümmətinin, daha sonra bütün haqqı yeyilmiş xalqların adil düzəni".

Banu,

SİTAT.İNFO



Xəbər xətti