Boşanma hallarının artmasının səbəbləri araşdırılarkən. əvvəllər daha çox erkən nigahlar, sosial problemlər, sosial şəbəkələr və sair faktorlardan danışırdıq. Amma son vaxtlar boşanma səbəbləri arasında narkotik məsələsi üstünlük təşkil edir. Azərbaycanda son zamanlar boşanma səbəbləri əksər hallarda kişilərin narkotik istifadəçisi olması ilə bağlı olur. Normal ailəsi, övladı, sosial təminatı olan insanlar niyə bu yolu seçir? Həyatındakı hansı boşluqdan dolayı narkotikə meyl edir? Bunun qarşısının alınması üçün necə tədbirlər görülməlidir?
Mövzu ilə bağlı SİTAT.İNFO-ya açıqlama verən psixoloq Elnur Rüstəmov bildirdi ki, son 10 ildə təkcə boşanmaların sayı artan templə davam edir: "Tək Azərbaycanda deyil, bütün dünyada bu proses gedir. Bunun qarşsını almaq üçün müxtəlif yollar təklif olunur. Bir qisim ölkələrdə boşanma ilə bağlı qaydaların sərtləşdirilməsi, digər qismində yüngülləşdirmə tətbiq olunur. Bu proses də lazım olan effekti vermir. Boşanmaya təsir göstərən ən başlıca faktor insan faktorudur. Nəzərə almaq lazımdır ki, boşanmaların səbəblərindən biri də zərərli vərdişlər, onların içərisində isə çox aktiv maddələrdən olan asılılıqdır. Bu da ailə münasibətlərinə çox mənfi təsir göstərir. Çünki narkotik vasitələrdən asılılıq zaman keçdikcə şəxsiyyətin transformasiyasına gətirib çıxarır. O tip insanlar üçün dəyər, ailə anlayışı olmur və mövcud durumdan dolayı ailəyə fokuslana bilmirlər. Ailə üzvləri ilə empatiya qura bilmirlər. Sonda ailə daxilində zorakılığa, konfiliktlərə səbəb olur, bu da ailələrin dağılması ilə nəticələnir".
Psixoloq vurğuladı ki, ailə qurmadan öncə tibbi müayinə zamanı mütləq şəkildə narkoloji müayinə də aparılmalıdır: "Nə dərəcədə müsbət təsir göstərəcəyi mübahisəlidir. Çünki elə insanlar var ki, ailə qurandan sonra düzələn vərdişlərdən asılı olurlar. Ancaq bir qisim ailə qurmamışdan qabaq da istifdə edir, sadəcə qarşı tərəfin xəbəri olmur. Bunun aşkarlanması, bu tip insanların zamanında müalicə alması, nəinki ailələrin qorunub saxlanmasına, o ailədə böyüyən uşaqların da tərbiyəsinə müsbət təsir göstərəcək. Mütləq şəkildə psixoloji müayinənin də aparılması çox faydalı olar".
E.Rüstəmov nmarkotik vasitə istifadəçilərinin sayının artmasınının səbəbini də açıqladı: "Bu gün tək narkotik yox, psixoaktiv maddələrdən asılılığın da sayı artıb. İnsanlarda stress səviyyəsi yüksəkdir və hamı da stresə davamlılıq eyni deyil. Depressiya və daha çox ekzistensial boşluq yaşayan insanlarda zərərli vərdişlərdən asılılıq halı çox müşahidə olunur.
Nigar Abuzər
SİTAT.İNFO