Vaxt daralır, Ağ Ev təzyiqləri artırır: Zelenski hakimiyyəti "qeyri-legitim" elan oluna bilər...
"Rusiya–Ukrayna müharibəsinin sonlandırılması ilə bağlı əsas təsir imkanlarına malik aktorlardan biri ABŞ-ın yeni administrasiyasıdır. ABŞ qlobal güc mərkəzlərindən biri kimi, tarixi proseslərdə böyük dövlətlərin, kiçik və orta dövlətlərin taleyinə təsir göstərməsi nümunələrinə malikdir. Vyetnam müharibəsi dövründə ABŞ və SSRİ arasında aparılan danışıqlar nəticəsində sülh sazişinin imzalanması buna klassik misal sayıla bilər. O zaman da böyük güclər öz maraqlarını qorumaq üçün kompromis axtarışına çıxmışdılar.
Bu gün də oxşar vəziyyət müşahidə olunur. ABŞ administrasiyası ilk növbədə öz milli maraqlarını nəzərə alır. Bu kontekstdə bəzi analitiklər Vaşinqtonun Ukraynanın mövqelərinə təzyiq göstərməsini ehtimal edilə bilən ssenari kimi qiymətləndirirlər. Müharibə nəticəsində Ukraynanın ciddi itkilərə məruz qalması, milyonlarla insanın köç etməsi, infrastrukturun geniş şəkildə dağıdılması artıq faktiki reallıqdır"
Bu sözləri "Sitat.info"ya açıqlamasında Böyük Azərbaycan Partiyası sədri, millət vəkili Elşad Musayev deyib.
O bildirib ki, ABŞ-də nə demokratların, nə də bir çox respublikaçıların sülh sazişini dəstəkləyəcəyi real görünmür:
"Hələ ki yekun sülh sazişi imzalanmayıb. Rusiya tərəfindən təklif olunan və ABŞ tərəfindən müəyyən mənada dəstəkləndiyi deyilən ilkin 28 maddəlik plan Ukrayna tərəfindən qəbul edilmədi. Sonradan sənəd 20 maddəyə qədər ixtisar olunsa da, prezident Zelenski Qərbin – xüsusilə Böyük Britaniya, Almaniya və Fransa liderlərinin dəstəyinə daha çox arxalanmaq məcburiyyətində qaldı. Avropa dövlətlərinin öz təhlükəsizlik arxitekturasını qorumaq marağı Ukraynaya dəstəyi davam etdirmələrini şərtləndirir.
Digər tərəfdən, Tramp administrasiyasının irəli sürdüyü sülh planı bir sıra beynəlxalq hüquq normaları və BMT Nizamnaməsinə uyğunluq baxımından suallar doğurur. Hər hansı sazişdə ABŞ-ın qarant rolunda çıxış etməsi üçün həmin sənədin senatda təsdiqlənməsi tələb olunur. Hazırkı siyasi konfiqurasiya fonunda, nə demokratların, nə də bir çox respublikaçıların bu cür sənədi dəstəkləyəcəyi real görünmür. Bu isə prosesin ləngiməsinə səbəb olan əsas faktorlardan biridir".
Millət vəkili bildirib ki, Moskva ilə Vaşinqton arasında müəyyən səviyyədə məxfi razılaşmalar ola bilər: "Rusiya öz maraqlarına çatmaq üçün hərbi təzyiqi artırmağa çalışır, ABŞ isə Ukraynanı kompromisə yönəltmək üçün siyasi təzyiq rıçaqlarından istifadə edə bilər. Burada açıq qalan suallardan biri Tramp administrasiyasının Rusiya ilə bağlı əlavə, qeyri-rəsmi maraqlarının olub-olmamasıdır. Mövcud dinamika göstərir ki, Moskva ilə Vaşinqton arasında müəyyən səviyyədə məxfi razılaşmaların mümkünlüyü barədə təhlillər mövcuddur, lakin bunlar rəsmi təsdiqini tapmayıb.
Bundan başqa, Ukraynada seçkilərin keçirilməsi məsələsi də siyasi alətə çevrilib. ABŞ administrasiyasının Zelenskiyə təzyiq vasitələrindən biri kimi seçkilərin keçirilməsini tələb etməsi və əks halda Ukrayna liderini “qeyri-legitim” elan etmə ehtimalı politoloqların diqqət mərkəzindədir. Lakin hazırkı mərhələdə nə Moskva, nə də Vaşinqton tam şəkildə istədiklərinə nail ola biliblər və vəziyyət nisbi sabitlik mərhələsində qalır".
Tehran,
Sitat.info