"Mənə elə gəlir ki, artıq Araiki vurmazlar – yaxud tutmazlar yiyəsinə görə - yanaşmasından tədricə imtina olunmalıdır. Barəsində 4 maddə ilə cinayət işi açılmış, İnterpol xətti ilə axtarışa verilmiş Qarabağ quldurlarının başçısı bu qədər cinayətlərə rəğmən, Azərbaycan torpaqlarında – rus sülhməramlılarının müvəqqəti təsir dairəsindəki ərazidə - ağlına gələni edir, ağzına gələni deyir, nəhayət, onun ağzı yumulmalıdır". O, məşhur misalda deyildiyi kimi, özgə kölgəsində dolaşır, elə bilir öz kölgəsidir və bir az da şirniklənir".
Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında siyasi şərhçi Elşad Paşasoy deyib.
Onun sözlərinə görə, bir gün əvvəl Kəlbəcərin Kolatağ kəndindəki məbədə mundar ayaqlarını basması da cavabsız qalmamalıdır: "Qeyd edim ki, keçmiş Ağdərə rayonu ərazisinə daxil olan, 1992-ci ildən Kəlbəcərin inzibati tabeliyinə verilmiş bu kənd 44 günlük müharibə bitəndən sonra Kəlbəcərin digər əraziləri ilə birgə azad edilməli olduğu halda, Rusiya sülhməramlıları burada qanunsuz məskunlaşan ermənilərin sayının artırılmasına da nail oldu. Üstəlik, Rusiyadakı erməni iş adamı Ayk Maqakelyan buradakı qanunsuz məskunlaşmaya xeyli dəstək verib. Arutyunyanın bu kənddəki məbəddə peyda olması təsadüfi deyil, burada da Rusiya, Rusiyadakı diaspora xətti aydın görünür. Ancaq istənilən halda suallarımızı Rusiyanın qarşısında kəskin qoymalıyıq".
E.Paşasoy daha bir məsələyə diqqət çəkir: "Separatçılar 2023-cü ilədək Qarabağdakı bir sıra alban məbədlərini “restavrasiya” adı altında erməniləşdirməyə qərar veriblər, bu istiqamətdə özbaşınalıq, faktiki olaraq cinayətkar fəaliyyət davam etdirilir. Ermənilərin “dini irsi”nin davasını aparan mərkəzlər təbii ki, bu cür halları görməzdən gələcəklər, amma biz bu prosesləri sakitcə müşahidə edə bilmərik. Qarabağın azad olunmuş hissəsində 60-dan çox məscidi yer üzündən silən erməni faşistləri indi özlərinə dini tarix quraşdırmağa cəhd göstərirlər, Qafqaz Albaniyasının qədim tikililərinin üzərində. Araik Arutyunyanın Azərbaycana qarşı döyüşmüş canini “baş keşiş” təyin etməsinin özü məsuliyyət yaradır və bunun da cavabı sərt olmalıdır. Ümumiyyətlə, ermənilərin “zəvvar” donuna bürünüb tez-tez sülhməramlıların müşayiəti ilə Azərbaycana məxsus dini ibadətgahlarda peyda olmalarına da son qoymaq lazımdır".
Sİyasi şərhçi vurğuladı ki, Azərbaycan qalib ölkədir və şərtləri diqtə edən tərəfdir: "Digər tərəfdən, nə zaman azərbaycanlıların məzarlarının, məscidlərinin ziyarətinə, o cümlədən udinlərin məbədlərdə ibadətinə rus sülhməramlıları şərait yaradar, o zaman Azərbaycan da ermənilərin qarşılıqlı ziyarəti barədə düşünə bilər. Birtərəfli humanizm göründüyü kimi, əks reaksiya verir və ən azı “Gəncənin raketlə vurulmasını mən əmr etdim” etirafını dilə gətirən Arutyunyan qolubağlı məhkəmə önündə cinayətlərinə görə cavab verməli olduğu halda, növbəti özbaşınalıqlara yol verir".
E. Paşasoyun sözlərinə görə, Azərbaycan proseslərin dinc yolla tənzimlənməsində maraqlı olduğuna görə hələlik radikal tədbirlərə əl atmır: "Amma Rusiya tərəfi Azərbaycanla müttəfiqlik sazişinə uyğun davranış sərgələməli, üstəlik, 2020-ci ilin 10 noyabr bəyannaməsinə uyğun şəkildə ərazilərimizdəki separatçı fəaliyyətlərə son verilməsi, cinayətkarların cəzalandırılması istiqamətində öhdəliklərinə əməl etməlidir. Rusiyaya qarşı cinayətlər törədən kimsə Azərbaycan ərazisində cəzasız qala bilərmi? Yaxud Rusiya hansısa bir separatçının, terrorçunun öz ərazisində Araiksayağı davranmasına, keşiş təyin etməsinə, ya istədiyi məbədi özününküləşdirməsinə sakit yanaşa bilərdimi? İnterpol xəttilə axtarışa verilmiş bir terrorçunun sərbəst dolaşmasına göz yumulması absurddur. Düzdür, bu gün əsas diqqət Ermənistanla sərhədlərin dəqiqləşdirilməsi, kommunikasiyaların açılması və sairə yönəlib. Amma bu işlərin aparılması o demək deyil ki, arxada airaiklər meydan sulasınlar. Hər belə həyasız davranış yeni cinayətlərə meydan açır. Necə ki, Paris meri Arutyunyanla görüşdü və bunda sonra baş terrorçu yenə də özünü “prezident” olduğuna inandırmağa başlayıb. Deyəsən, Araik Şuşanın Qazançı kilsəsindəki son vida-duasını unudub. Azərbaycanın qəhrəman oğulları qısa müddətdə Araiki zərərsizləşdirə bilərlər və bu nəticənin tezliklə baş verəcəyinə şübhə etmirəm. Yəqin ki, bu işi bitirən elə bizim oğullar olacaq, yəni BMT-nin 4 qətnaməsini icra edən igidlər İnterpolun missiyasını da yerinə yetirməklə növbəti unikal əməliyyata imza atacaqlar. Bu arada xatırladaq ki, Azərbaycanda dini ibadətgahlarla bağlı qərarları Qafqaz Müsəlmanları İdarəsi verir. Birini və İkinci Qarabağ müharibələrində əsgərlərimizi, dinc sakinlərimizi qətlə yetirən Ovannes Ovannisyanın yeri isə Kəlbəcər məbədi yox, Qobustan olacaq günün birində".
Banu,
SİTAT.İNFO