Demək, dünəndən saytlar “Şərif Ağayar üzr istədi” başlığı ilə Şərif Ağayarın məlum üzrnaməsini tirajlayır...
Bir yazıçı (fikir adamı) üçün sözünün qarşısında üzr istəmək qədər amansız hal bəlkə də yoxdur...
Səhv etmirəmsə, Şərif Ağayarın bu il yubiley ilidir — 50 yaşı tamam olur...
Ömrün yarım əsrini ağrı-acıyla başa vurmuş, ay gözəlim məmləkətin Şərif Ağayarı, ƏVVƏLA, adam sözünün, fikrinin, düşüncələrinin içində (amma SÖZünün, FİKRinin, DÜŞÜNCƏlərinin içində!) gərək Tanrıya çevrilməyi bacara... Adam (fikir adamı!) sözünün (bir az da obrazlı şəkildə desək) ayaqları altına düşdüsə necə deyərlər, vay o sözün də, o adamın da halına!..
(Mən Şərif Ağayarın üzrünün təməlində dayanan o mövcud statusunun necəliyi barəsində söz açmayacağam. O bir başqa müzakirə predmetidir. Açığı deyim, bir az da sferama uyğun deyil...)
Sözümün canı, mətləbi, məğzi — 50 yaşlı bir yazıçının üzrüdür... üzr dərəcəsinə gəlib çıxmasıdır... özünü gətirib çıxartmasıdır... gətirib çıxarılmasına şərait yaratmasıdır... və.s!
... VƏ YENƏ TƏKRAR EDİRƏM, ömrün yarım əsrini ağrı-acıyla başa vurmuş, ay gözəlim məmləkətin Şərif Ağayarı, yazdığınız səhv idisə ilin-günün bu çağında o nə səhv idi?! Yox, yazdığınız həqiqət idisə o zaman “səcdəyə” nə hacət?!
... VƏ HƏM DƏ SÖZÜMÜN CANI, MƏTLƏBİ, MƏĞZİ BUDUR Kİ... adam qələmi atıb, qaçmaz, Şərif Ağayar!
Bəli, bir qələm adamının üzr istəməsi (elə həm də!) qələmi atıb, qaçmasıdır... Yazdığınız səhv idisə, zəhmət çəkib, o səhvi etməzdiniz. Yox, əgər hesab edirsinizsə ki, yazdığınız düz idi, o zaman bəs iradəniz harada qaldı?!
Yubiley iliniz mübarək, Tanrını utandıran Şərif Ağayar!..
Emil Rasimoğlu
şair-publisist