PKK simvolu ilə bağlı Bakıda insident - Həbs edilən var

12:10 9 İyun 2022

Yol polisi əməkdaşlarının qapılarına PKK terror təşkilatının simvolu sayılan, beşguşəli ulduzu təbliğ edən və “Sheriff” sözləri yazılmış “JEEP” markalı avtomobili saxlaması zamanı insident baş verib.

SİTAT.İNFO xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Xırdalandan Bakıya gələn yolda qeydə alınıb. Yol polisi əməkdaşları 99 RD 088 dövlət qeydiyyat nişanlı “JEEP Wrangler” markalı avtomobilin üzərində qanunla tənzimlənməyən işarə və sözlərin olmasını görərək avtomobilə “saxla” işarəsi veriblər. Sürücü Məlik Məhsimov (şərti) maşını saxlasa da, polis əməkdaşlarının həmin işarələri sökməsi ilə bağlı tələblərinə etiraz edib. Bu zaman mübahisə daha da böyüyüb və həmin şəxs polisin tələblərini yerinə yetirməyəcəyini bildirərək tabeçilik göstərməməklə səs-küy salıb. Həmin şəxs saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə aparılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polisin qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə protokol tərtib edilib.

Saxlanılan şəxs barəsindəki protokol Abşeron Rayon Məhkəməsinə göndərilib.

Məhkəmədə M.Məhsimov hər hansı qanunazidd hərəkət etmədiyini deyib: “Bakı-Sumqayıt yolunda posta dəvət olundum, orada idarə etdiyim “JEEP Wrangler” markalı, 99 RD 088 dövlət qeydiyyat nişanlı avtomobilin ön qapılarında 30 sm ölçüsündə olan beşguşəli ulduzun və “Sheriff” sözünün pozulması tələb edildi. Bu zaman tələbin qanuni əsasını soruşduqda polis əməkdaşları bunu bildirmədilər. Daha sonra mən məntəqədə komandirlə söhbət edərkən YPX-nin adını bilmədiyim əməkdaşları tərəfindən döyüldüm, sənədlərimi və telefonumu əlimdən aldılar. Hadisədən iki gün əvvəl də yol polisi əməkdaşı mənə zəng edərək avtomobilin ön qapılarında olan beşguşəli ulduzun sökülməsini bildirmişdi. Həmin vaxt polisə avtomobilin Amerikadan gətirildiyini, onu alan vaxt avtomobilin ön qapılarında olan beşguşəli ulduzun və “Sheriff” sözünün olduğunu deyərək sökməkdən imtina etdim”.

Məhkəmənin qərarı ilə M.Məhsimova 8 sutkalıq inzibati həbs cəzası verilib.



Xəbər xətti