Neftin qiyməti artmaqda davam edir. Bu bir çox ölkə üçün ciddi problem yaradıb. Rusiya neftindən imtina edən dövlətlər alternativ yollar axtarırlar. Dünya bazarlarına daha çox neftin çıxarılmasını təmin etmək üçün ABŞ Venesuellaya qarşı sanksiyaları yumşaldıb. Venesuellanın dövlət neft şirkətləri neft sata bilərlər. Dünyanın ən çox neft istehsal edən ölkələrindən biri də İrandır. Vaşinqtonda İrana qarşı da sanksiyaların yumşaldılması mövzusu müzakirə olunur.
Bəs görəsən, bu prosesdə nüvə sazişi məsələsi maneəyə çevriləcəkmi?
SİTAT.İNFO xəbər verir ki, bu barədə danışan Elxan Şahinoğlu artıq neft ixracı üçün İranla nüvə sazişinin imzalanmasının gündəmdə olmadığını deyib: "Çünki bu sazişin yaxın zamanda imzalanması problematikdir. Nüvə sazişi ilə bağlı danışıqlar nəticə vermir. Tehran İrana qarşı mövcud olan bütün sanksiyaların ortadan qaldırılmasını tələb edir. Misal üçün Tehran İslam Keşikçiləri Korpusunun sanksiya siyahısından çıxarılmasını tələb edir. Vaşinqton isə ancaq nüvə proqramıyla bağlı sanksiyaları yumşalda bilər, İrana qarşı digər sanksiyalardan imtina etməyəcək. Buna görə də indiki şərtlər altında Vaşinqtonla Tehran arasında razılaşma problematikdir. Buna baxmayaraq, Amerikaya neft, İrana isə neftin satışından gəlir əldə etmək lazımdır. İranda sosial vəziyyət mürəkkəbdir. Əhalinin gəlirləri azalıb, bəzi yerlərdə maaşların verilməsi gecikir ki, bu da əhali arasında narazılığa səbəb olur. İran neftini satmağa imkan əldə edərsə, sosial və iqtidadi problemlərinin həllini sürətləndirə bilər. Hazırda İran öz neftini ucuz qiymətə Çinə və Hindistana satır. Bu isə çox böyük gəlir əldə etməyə imkan vermir. Çin neft əvəzinə İrana məhsullar ixrac edir. İrana isə valyuta lazımdır".
Politoloqun fikrincə, İran və Səudiyyə Ərəbistanı dünya bazarlarında Rusiya neftini əvəz edə bilərlər: "Vaşinqton Ər-Riyadla danışıqlar aparır ki, Səudiyyə Ərəbistanı dünya bazarlarına daha çox neft çıxarsın. İran da bu prosesə qoşularsa neft olan tələbat azalar və qiymətlər sabitləşər. Neftin qiymətlərinin sabitləşməsi bir çox ölkənin maraqlarına cavab verir. Neft istehsal edən ölkələr də neftin qiymətinin sabitləşməsini istəyirlər. Çünki neftin qiyməti yüksək olduğu kimi qəfil ucuzlaşa da bilər. Bu isə neft istehsal edən ölkələrin gəlirlərini azaldacaq və həmin dövlətlər büdcələrini dəyişdirmək məcburiyyətində qalacaqlar".
Safura,
SİTAT.İNFO