"Məlum olduğu kimi, Rusiya ilə Ukrayna arasında müharibə 100 gündən artıqdır davam edir. Ötən müddət ərzində hər iki tərəf ciddi itki verib. Hazırda politoloqlar, analitiklər bu məsələ ilə bağlı iki cəbhəyə bölünüblər. Bəziləri düşünürlər ki, Qərb Ukraynanın "əli ilə" Rusiyanı "vurur". Onların fikrincə, Qərbin məqsədi Rusiyanı idarəolunan duruma salmaqdır. Bir qrup isə fikirləşir ki, Qərblə Rusiya arasında gizli razılıq var və məqsəd Ukraynanı parçalamaqdır".
Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.
Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin keçmiş agentdir və bəzi ekspertlər dövlət başçısının indi də Qərb üçün çalışdığını iddia edirlər: " Bu ehtimallardan ikisi də mümkündür. Rusiya Ukrayna ərazisinin 20 faizindən çoxunu işğal edib. Hələlik nə Moskvanın, nə də Kiyevin dayanmaq fikri yoxdur. Bunu səsləndirilən bəyanatlar da sübut edir. Qərb isə Ukraynanı dəstəkləyir".
K.Novruzov Ukraynaya verilən sualların məntiqinə də diqqət çəkir: "Diqqət yetirin: Qərb Ukraynaya hücum yox, müdafiə məqsədli silahlar verir. Əslində ABŞ və müttəfiqləri istəsələr Kiyevə elə texnikalar göndərərlər ki, savaşın taleyi həll olar. Amma, əksinə, hərbi yardım bəzi hallarda gecikir. Bunu Ukrayna rəsmiləri, o cümlədən Prezident Volodimir Zelenski özü də deyir. Bəli, dediyiniz kimi, Ukraynanın parçalanması mümkündür. Amma bu, sadəcə mümkün variantlardan biridir. Hətta Qərbin belə planı varsa da belə, Türkiyənin sözügedən "oyunu pozması" istisna deyil. Müharibənin nə ilə nəticələnəcəyini indidən dəqiq demək çətindir. Amma bu, konkretdir: yaxın vaxtlarda danışıqlar olmasa, savaşın nəticəsində ya Rusiya idarəolunan vəziyyətə gələcək, ya da Ukrayna parçalanacaq. Tərəflərdən ikisi də uduzacaq. Qərb qalib gələcək. Hətta, çox, güman, Şərqi Avropada sərhədlər dəyişəcək".
Lamiyə Xəqani,
SİTAT.İNFO