“Bakı-Quba yolu az qala kütləvi qırğın yerinə çevrilib”

14:26 16 İyun 2022

“Bakı-Quba yolu az qala kütləvi qırğın yerinə çevrilib. Hər gün yolun iş görülən və avtomobillərin bir hərəkət hissəsi ilə üz-üzə getdiyi sahəsində ölümlə nəticələnən hadisələr olur”.

SİTAT.İNFO xəbər verir ki, bu fikirləri öz feysbuk hesabında yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov yazıb.

O xatırladıb ki, Bakı-Quba yolu beton yolu kimi yenidən qurulduqdan qısa müddət sonra həmin yoldan istifadə edənlərin baş bəlasına çevrilib: “Bunu hamı bilir. İstismara veriləndən az müddət sonra yolda əmələ gələn qüsurlar nəticəsində saysız-hesabsız qəzalar baş verib, avtomobillərə, daşınan yüklərə külli miqdarda ziyan dəyib. Nəhayət ki, yoldakı qüsurların əsaslı şəkildə aradan qaldırılmasına başlanılıb”.

Ə. Hüseynov qeyd edib ki, görülən işlərlə əlaqədar yolun hərəkət hissələrindən biri (Bakıya gələn istiqamət) xeyli məsafədə bağlanıb və avtomobillər digər hərəkət hissəsi ilə qarşı-qarşıya hərəkət edirlər: “Buna uyğun nişanlar qoyulub, sürət məhdudiyyəti tətbiq edilib, ötmə qadağan edilib, hərəkət hissəsinin ortası ilə xətt çəkilib və s.

Təəssüflər olsun ki, indi də həmin yol bu səbəbdən az qala kütləvi qırğın yerinə çevrilib. Hər gün yolun iş görülən və avtomobillərin bir hərəkət hissəsi ilə üz-üzə getdiyi sahəsində ölümlə nəticələnən hadisələr olur. Hadisələrin də demək olar ki, hamısı toqquşmadır (əksəriyyəti qarşılıqlı toqquşma olmaqla)”.



Xəbər xətti