"Rusiyanın inadkarlığı və ağılsızlığı onu çox böyük çətinliklərlə baş-başa qoyacaq" - Üzeyir Cəfərov

13:14 26 Avqust 2026

 "Rusiya-Ukrayna müharibəsi daha da şiddətlənir. Gələn ay, yəni sentyabrda tərəflər arasında daha amansız zərbələr həyata keçiriləcək. Bu, daha çox Ukraynanın öz istehsalı olan ballistik raketlərin dövriyyəyə buraxılması ilə əlaqədardır. Hesab edirəm ki, yaxın bir-iki aya Rusiya məcburiyyət qarşısında qalıb danışıqlar masasına əyləşəcək. Onlar üçün nə qədər ağır olsa da, buna məcburdurlar, çünki başqa yolları yoxdur".

Bu sözləri Sitat.info-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib.

Onun sözlərinə görə, artıq vəsaitəçilər də diplomatik cəhdlərin əhəmiyyətsiz olduğunun fərqindədirlər: "Vasitəçilər də artıq başa düşürlər ki, bu müharibədə nə Rusiyanın, nə də Ukraynanın hansısa konkret nəticə əldə etməsi mümkünsüzdür. Burada Rusiya işğalçılıq siyasəti yürüdür, Ukrayna isə özünü müdafiə etməklə məşğuldur. Bir müddət Ukraynaya olan dəstək zəifləmişdi, lakin hesab edirəm ki, Ukrayna bu boşluğu yavaş-yavaş doldurur. Yaxın günlərdə biz Rusiyaya qarşı təkcə "Wildberries" və ya "Ozon" deyil, digər vacib strateji obyektlərə də zərbələr endiriləcəyinin şahidi olacağıq".

Ü.Cəfərovun fikrincə, Rusiyada çox böyük narahatlıqlar var və Putin komandası artıq bunu görür: "Düzdür, onlar hər şeyin plan üzrə getdiyini bəyan edirlər. Lakin bilirik ki, plan üzrə getsəydi, Şimali Koreyadan əsgərlər gətirilməz və Rusiyada səfərbərlik həyata keçirilməzdi. Rəsmən elan olunmasa da, sentyabr ayı üçün 900 min insanın səfərbərliyə cəlb olunması nəzərdə tutulub.
Görək bunu edə biləcəklərmi? Ən azından Şimali Koreyadan 10 minə yaxın əsgər ətirilib. Biz həmin əsgərlərin Kursk savaşında necə "ət maşını"ndan keçirildiyinin şahidi olmuşuq və düşünürəm ki, bu dəfə də eyni mənzərə müşahidə olunacaq".

Hərbi ekspert vurğuladı ki, hazırda tərəflər öz dediklərində israrlıdır və nə Kiyev, nə də Moskva güzəştə getməyi düşünmür: "Ukrayna bir qarış torpağından da vaz keçməyəcəyini bəyan edib. Bu gün Ukrayna bir qədər fərqli və üstün durumdadır. Çünki Rusiyanın dərinliklərinə qədər zərbə endirə biləcək raketləri və dronları var. Rusiya özü üçün gözlənilməz bir vəziyyətlə üzləşib; müharibə artıq Rusiya ərazisində hər addımda müşahidə olunur. Moskva, Moskva ətrafı, Leninqrad, Yekaterinburq, Krasnodar, Murmansk və hətta Xabarovsk daxil olmaqla miqyasın nə qədər genişləndiyini təsəvvür edə bilərsiniz. Ona görə də ilin sonuna qədər vəziyyət yavaş-yavaş aydınlaşacaq.
Rusiya Ukraynanın raket hücumları qarşısında çətin vəziyyətdə qalaraq, ya vasitəçilər vasitəsilə, ya da birbaşa Ukrayna ilə danışıqlar masasına oturmağa razı olacaq. Şəxsən mən bunu belə təxmin edirəm. Bu məsələ nə qədər tez bitsə, bir o qədər yaxşıdır. Lakin görünən odur ki, Rusiyanın inadkarlığı və ağılsızlığı onu hələ çox böyük çətinliklərlə baş-başa qoyacaq".

Nigar,

Sitat.info 



Xəbər xətti