Laçın dəhlizinə alternativ yolun istifadəyə verilməsi iyul ayında planlaşdırılır.
10 noyabr birgə bəyannaməsində də göstərildiyi kimi tikilən alternativ yol Laçın şəhərinin özündən yan keçən avtomobil yolu olacaq. İndiki halda isə ermənilər Laçın şəhərinə daxil olaraq hərəkət edirlər. Laçından keçmədən çəkilən alternativ yoldan isə həm azərbaycanlılar, həm də ermənilər istifadə edəcək. Laçın dəhlizinə alternativ yol çəkildikdən sonra, Laçın rayonunun bütövlükdə Azərbaycanın nəzarətinə verilməsi bizim üçün nəyi dəyişəcək?
Mövzu ilə bağlı Sitat.info-ya açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov bildirdi ki, bir neçə gündən sonra Azərbaycanın Laçın rayonu ərazisində Laçın dəhlizinə yeni alternativ yolun açılışı gözlənilir: "İyulun əvvəli üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən söz verilib. Həmin yol istifadəyə veriləndən sonra rus sülhməramlıları da həmin yola keçəcəklər. Dünən Paşinyanın Zabux və Laçından insanların köçürülməsi ilə əlaqədar dediyi fikir də, həmin o tarix, yol ilə bağlıdır.
Düzdür o yol ümumilikdə uzun yoldur. Amma yenilik o olacaq ki, həmin yolun başlanğıcında Azərbaycan ərazisinə daxil olan bütün avtomobillər, insanlar Dövlət Sərhəd xidməti və Dövlət Gömrük komitəsinin əməkdaşları tərəfindən yoxlanılacaq və onlara beynəlxalq hüquq normaları çərçivəsində ölkəyə giriş-çıxış icazəsi veriləcək. Axtarışdadırmı, gəlmə icazəsi varmı-yoxmu , bu kimi prosedurlar tətbiq olunacaq, yoxlayış həyata keçiriləcək. Ona görə də ermənilər bundan çox narahatdırlar. Bura Azərbaycana aiddir və Azərbaycanın xeyli müddətdir ki, bu yolun tikintisi ilə bağlı işlər gördüyünü ermənilər, seperatçılar da bilirdilər".
Hərbi ekspert qeyd etdi ki, bundan sonra həmin əraziyə hər kəs istədiyi kimi gəlib-gedə bilməyəcək: "Azərbaycan hər şeyə özü nəzarət edəcək. Əvvəlki qaydada Rusiya sülhməramlıları Azərbaycan vətəndaşı olmayan insanların gediş-gəlişini orada müşayət edəcək. Rusiya sülhməramlıları da əvvəlki keyfi görməyəcəklər. Azərbaycan ərazisinə daxil olanları Dövlət Sərhəd Xidmətinin əsgər və zabitləri yoxlayacaqlar, ondan sonra prosedur qaydalarına uyğun olaraq Rusiya sülhməramlıları onların hərəkətlərinə nəzarət edəcəklər. Hansısa bir konfliktin, münaqişənin baş verməməsi üçün diqqətli olacaqlar".
Ü. Cəfərov vurğuladı ki, Laçının boşalmış ərazilərinə Azərbaycan vətəndaşları sərbəst köçə biləcəklər və orada yavaş-yavaş bizim insanlarımızın yaşayışı nəticəsində həyat canlanacaq, bir qədər fərqli mənzərə olacaq: "Bu günə kimi olan bütün toqquşmalar həmin sülhməramlıların, dəhliz vasitəsilə gəlib-gedənlərin bəzi hallarda yetərincə yoxlanmaması hesabına baş verdi. Yaxın vaxtda biz tamamilə başqa bir mənzərənin şahidi olacağıq".
Safura Bənnayeva
Sitat.İNFO