Deputatdan MÜHÜM təklif: "Pensiya kapitalı ilə kreditlərin, kommunal xərclərin ödənilməsi..."

13:58 29 İyun 2022

Son illər ölkədə pensiya sistemində xeyli dəyişikliklər həyata keçirilib. Azərbaycanda pensiya islahatları ilk növbədə pensiyaçıların maraqlarına, sosial müdafiəsinin daha dolğun təminatına, pensiyaların davamlı artımına, sosial təminat sistemində müsbət dəyişikliklərə xidmət məqsədi daşıyır. Bununla belə əhali pensiya yaşının artmasından narahatdır. Pensiya kapitalı ilə bağlı bəzi məqamlar da cəmiyyətdə tənqid olunur. Hökumət bu istiqamətdə iş apararkən,  pensiya sistemində daha hansı istiqamətdə islahatların keçirilməsinə ehtiyac var?

İqtisadçı alim,  deputat Vüqar Bayramov sözügedən məsələ ilə bağlı Sitat.info-ya açıqlamasında bildirdi ki, pensiya islahatlarının genişləndirilməsi və sayının artılırması sosial yönümdə həyata keçirilən islahatların əsas istiqamətlərindən biridir: "Əmək pensiyaları haqqında qanuna edilən dəyişikliklərdə də əsas məqsədlərdən biri həm pensiya kapitalının daha ədalətli bölgüsü, həm də pensiya islahatlarının artırılması ilə bağlıdır. Pensiya sistemində islahatlarla bağlı xüsusi konsepsiya var. Həmin konsepsiyaya uyğun olaraq islahatların genişləndirilməsi əsas hədəflərdən biridir. Bu istiqamətdə pensiya kapitalının daha ədalətli istifadəsi ilə bağlı təkliflərimizi Azərbaycan hökümətinə, eləcə də  Milli Məclisdə müzakirələr zamanı təqdim etmişik. Əsas təkliflər pensiya kapitalının, onun müəyyən hissəsinin daha tez dünyasını dəyişən vətəndaşın vərəsəsinə transfer edilməsi və həmin vərəsə tərəfindən pensiya kapitalının istifadə imkanlarının  genişləndirilməsi ilə bağlıdır”.

İqtisadçı deputat təkliflər sırasında inkişaf etmiş ölkələrdə olduğu kimi pensiya kapitalından, kommunal xidmətlərin ödənilməsi, hətta kreditlərin qaytarılması imkanlarının yaradılması kimi məsələlərin də yer aldığını qeyd etdi: "Bəzi ölkələrdə pensiya kapitalının müəyyən hissəsinin məhz həmin istiqamətlərə yönəldilməsi, nəticədə pensiya  kapitalının daha səmərəli şəkildə istifadə imkanlarına gətirib çıxarır. ABŞ- da olduğu kimi böyük pensiya kapitalı olan vətəndaşların daha tez pensiyaya çıxmaq hüququnun verilməsi və pensiya kapitalı ilə bağlı minimum deyil, həm də orta pensiya kapitalının müəyyənləşdirilməsini də təklif edirik”.

Nigar Abuzər,

SİTAT.İNFO



Xəbər xətti