Putinin bu müharibədəki qlobal hədəfləri: Dünya nizamı yenidən tərtiblənir...

14:08 3 İyul 2022

Dünya liderlərinin son günlər iştirak etdiyi iki beynəlxalq   tədbir - G7 saamiti və NATO dövlətlərinin zirvə toplantısı əsasən Rusiya-Ukrayna müharibəsinə həsr olundu və yekun qərarlarda Ukraynaya dəstəyin verilməsi qərara alındı.

NATO rəhbəri xəbərdarlıq etdi ki, Qərb illərlə davam edə bilən müharibədə Ukraynaya dəstək verməyə hazır olmalıdır. O bu fikri Britaniyanın baş naziri Boris Consonun Ukrayna müharibəsinin uzun çəkəcəyini və buna hazırlaşmağın vacib olduğu ilə bağlı fikrindən sonra dilə gətirdi: "Bunun illərlə çəkə biləcəyinə hazır olmalıyıq. Biz Ukraynanı dəstəkləməkdə ara verməməliyik"

Bəli, Qərbin Ukraynaya açıq dəstəyi göz öndündədir. Bunun fonunda Rusiya arzuladığı nəticəyə nail ola biləcəkmi? Rusiyanın bu müharibədə əsas hədəfləri Donbass və Krımla bitirmi,yoxsa iqtisadi, logistika, ərazi və sair baxımdan başqa hədəfləri də var?

Mövzu ilə bağlı Sitat.info-ya açıqlama verən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bildirdi ki, Rusiya Ukrayna vasitəsilə dünya, qlobal siyasət, iqtisadiyyatla bağlı müəyyən hədəfləri var: “Məsələn SSR-inin bərpası, Avropanı qaz resursları baxımından öz asılılığına salmaq, Amerika ilə bərabər dünya taleyində  söz sahibi olmaz, öz ətrafında olan xalqların hamısını təsiri altına almaq, əvvəlki illərdə olduğu kimi işğal etmək, onların iqtisadiyyatını sormaq və s. 
Ukrayna burada strateji bir nöqtədir. Həmin nöqtəni ələ keçirməklə Rusiya qlobal siyasətdə öz yerini müəyyən etmək istəyir. Əsas məsələ Rusiyanın dünyanın idarə edilməsində söz hüquqna malik olması, dünyanı iki  qütbə çevirmək, qütbün birində də özünün hakim mövqeyini bərqərar etməkdir”. 

Sərdar Cəlaloğlunun fikrincə, bunu  NATO da, Amerika da çox yaxşı başa düşür: "Ona görə onlar Ukrayna naminə hər cürə fədakarlığı qəbul edirlər və hətta lazım gələrsə müəyyən bir mərhələdə Ukrayna tərəfində döyüşmək üçün Rusiyaya qarşı müharibəyə qoşula bilərlər. Əgər Rusiya Ukraynada ciddi nəaliyyət əldə etsə... Avropa da başa düşür ki, Ukrayna məsələsi dünya nizamının yenidən tərtiblənməsi məsələsidir. Bu isə dünya üçün çox ciddi məsələlər, problemlər vəd edir”.
 
Safura Bənnayeva
 
Sitat.info



Xəbər xətti