Moskva ilə Qərb Cənubi Qafqaz "meydançasında" "paslaşırlar": Minsk Qrupunu aktivləşdirmək istəyirlər
Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaarla Ermanitan baş naziri Nikol Paşinyan arasında dünən görüş keçirilib. Tərəflər ikitərəfli münasibətlərlə yanaşı, regiondakı durumu da müzakirə ediblər. Onlar Minsk Qrupunun fəaliyyətinin aktivləşdirilməsinin zəruriliyindən danışıblar. Klaarın baş nazirin müavini Mher Qriqoryanla söhbətində isə əsas mövzu bölgədəki kommunikasiyaların açılması olub. Son zamanlar Minsk Qrupunun "reanimasiyadan çıxarılması" istiqamətində müxtəlif cəhdlər olur, bəyanatlar səsləndirilir.
Rusiya Prezidenti Vladimir Putinlə fransalı həmkarı Emmanuel Makronun görüşündə də bu məsələ xüsusi vurğulanmışdı. Əslində sözügedən cəhdlər təəccüblü deyil. Əksinə, Azərbaycan və Türkiyənin təşəbbüsü ilə regionda "suların durulmağa" başlandığı bir vaxtda bu cür səylər gözləniləndir. Bəlkə də, əvvəllər Minsk Qrupunun fəallaşması Rusiya üçün o qədər də arzuolunan deyildi. Çünki bu, regiondakı təsir qüvvəsinin azalması demək idi. İndi- Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələrin bərpa olunması fonunda isə sözügedən qurumun aktiv "oyunçuya" çevrilməsi həm Qərbin, həm də Kremlin maraqlarına cavab verir.
Çünki hər iki tərəf İrəvan- Ankara münasibətlərinə qarşıdır. İkisi də yaxşı başa düşür ki, əlaqələr belə sürətlə davam etsə, bir azdan onların heç birinə regionda ehtiyac olmayacaq. Son vaxtlar cəbhənin müxtəlif istiqamətlərində təxribatlar törədilməsinin, atəşkəsin pozulmasının bir neçə səbəbi varsa, şübhəsiz, bunlardan biri də məhz Minsk Qrupunun fəallaşdırılması ilə bağlıdır. Məlum qüvvələr elə fikir yaratmaq istəyirlər ki, guya regionda bu quruma ehtiyac var. Bu mənada hələlik Moskva ilə Qərb Cənubi Qafqaz "meydançasında" "paslaşırlar". Minsk Qrupunun "oyuna daxil olmasının" Ermənistan hakimiyyətinin ürəyincə olmaması ehtimalı daha çoxdur.
Çünki Paşinyan son vaxtlar konstruktiv mövqe nümayiş etdirir, əlaqələrin bərpasında maraqlı görünür. Əlbəttə, o özü də yaxşı başa düşür ki, sözügedən təşkilat regionda əməkdaşlığa töhfə verməyəcək, əksinə, "sular yenidən bulanacaq", proseslər uzanacaq. Odur ki, Bakı, Ankara və İrəvan tələsməlidir. Və böyük ehtimalla yaxın gələcəkdə regionla bağlı ciddi hadisələrin şahidi ola bilərik.
Maraqlıdır ki, dünən Ermənistan-Azərbaycan dəmir yolunun bərpası proqramının İşçi Qrupunun rəhbəri, Ermənistanın Baş nazirinin müşaviri Artaşes Tumanyan təxminən on gün sonra iki ölkə arasında dəmiryolunun bərpasının planlaşdırılan hissələrində araşdırmaların başlayacağını deyib. Müşavir bidirib ki, tikinti işlərinə başlamaq üçün Ermənistanla Azərbaycan arasında əldə olunan razılaşmalar sənəddə qeyd olunmalıdır: "Bu həm ikitərəfli, həm də üçtərəfli razılaşma ola bilər. Ən azı hər iki tərəf öhdəlik götürməlidir. Çünki onlar birlikdə işləməlidirlər. İstiqamətlər və görüləcək birgə işlər var. Dəmir yolunun Yerasx (Arazdəyən) hissəsinin bərpası aylar, Mehri hissəsinin (burada 45 kilometrlik dəmir yolu tikilməlidir) isə üç il çəkəcək. Bu işlərin Ermənistana nə qədər başa gələcəyi hələlik bəlli deyil. Gömrük məntəqələri və digər obyektləri saymasaq, bu iş 200 milyon dollardan çox vəsait hesabına başa gələcək”. Bu, müsbət impuls olmaqla yanaşı, həm də İrəvanın regional əməkdaşlıqda səmimi olduğunu göstərən faktordur. Bundan sonra isə proseslər daha da sürətlənməlidir. Yalnız belə olsa, Minsk Qrupunun prosesləri "tormuzlatmaq" cəhdlərinin qarşısı alına bilər.
Kənan Novruzov,
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti
SİTAT.İNFO