Rüşvətalma ittihamı ilə Əvəz Zeynallı ilə birlikdə həbs edilən, bu prosesdə vasitəçi olmaqda suçlanan vəkil Elçin Sadıqov azadlığa, daha dəqiqi, ev dustaqlığına buraxıldı. Vəkili Əvəz Zeynallıya qarşı ifadə verdiyinə görə azadlığa buraxıldığına dair iddialar var, ancaq E. Sadıqov bunları rədd edir, bildirir ki, istintaqa ancaq həqiqətləri deyib.
Həmçinin belə məlumatlar da dolaşır ki, vəkil Elçin Sadıqovun azad edilməsini ölkə rəhbərliyindən Avropa və Qərb təsisatları israrla xahiş ediblər.
Sual yaranır, Əvəz Zeynallı da həqiqətləri desə, ev dustaqlığına buraxılarmı?
İkinci vacib sual, əvvəllər jurnalistlərin, redaktorların həbsi Avropa və Qərbdə daha ciddi narahatlıq doğururdu. İndi vəkilin azadlığa buraxılmasını xahiş edirlər, amma bu israr nədən jurnalistlə bağlı müşahidə olunmur?
Qeyd etmək yerinə düşər ki, Elçin Sadıqovun müdafiəsinə 14 vəkil qoşulub ki, onlardan biri də Əsabəli Mustafayevdir.
Mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlama verən vəkil Əsabəli Mustafayev deyib ki, Elçin Sadıqov Avropa Məhkəməsi ilə daimi işləyən bir şəxsdir: “Avropa Məhkəməsinin qərarında qeyd edilir ki, məhkəmə Avropa Məhkəməsi ilə əməkdaşlıq edən insanların müdafiəsinə ciddi önəm verir. Bu onun mövqeyidir. Avropa Məhkəməsi insan hüquq və azadlıqları sahəsində çalışan vəkilləri müdafiə edir. Avropada jurnalistlərə də böyük önəm verilir. Yəqin ki müvafiq qurumlar, jurnalist qurumları da bununla bağlı öz səylərini göstərəcəklər. Bütün dünyada vəkil hakimdən sonra ədliyyə prosesinin aparıcı simasıdır. Ən əsas məsələ isə odur ki, beynəlxalq standartlara görə hər kəsin məhkəmə hökmünə qədər azadlıqda qalma hüququ, təqsirsizlik prezumpsiyası var. Məhkəmələr imkan daxilində həbs-qətimkan tədbiri seçməməlidirlər. İndi də Elçin Sadıqov barəsində ev dustaqlığına keçirilməsi dünya standartlarının tələbidir. O cümlədən istənilən həbsdə olan şəxs məhkəməyə qədər azadlıqda ola bilər. İnsan hüquqları sahəsində çalışan bir mütəxəssis kimi mövqeyimiz budur. Törətdiyi hər hansı cinayətdən asılı olmayaraq istər qətl hadisəsi olsun, istər rüşvət olsun, cinayətin növündən asılı olmayaraq hər bir şəxs məhkəmə hökmünə qədər azadlıqda olmalıdır. O cümlədən də bu, Əvəz Zeynallıya aiddir. Elçin Sadıqlı ev dustaqlığına buraxıldı, indi ikinci addım kimi əvəz Zeynallı barədə də qərar dəyişdirilsin. Onlar yalnız o vaxt həbsdə saxlanıla bilərlər ki, prosessual tələblər olsun. Bu nə deməkdir? Onların qaçıb gizlənmək ehtimalı olsun, istintaqa təsir etmək imkanları və qanunda göstərilən digər hallar olsun. Bunların heç biri Elçin Sadıqovda müəyyən olunmayıb. Çünki o, tanınmış vəkildir. Hamı onu tanıyır, istəsə də gizlənə bilməz, harada olsa da tanıyacaqlar. Ona görə prosessual tələblər olmadığı üçün onun barəsində istintaq da razılığa gəldi. Bildiyimə görə, Əvəz Zeynallının da vəkili vəsatət verməyə hazırlaşır. Gözləyək.
Ətraflı videoda: