"Putin Zaporojye və Xerson vilayətinin “müstəqilliyinin” tanınması ilə bağlı fərman imzaladı. Növbəti addımda Ukraynanın bu torpaqları Krım ssenarisi üzrə ilhaq ediləcək".
Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında politoloq Asif Nərimanlı deyib.
Onun sözlərinə görə, bu addım fonunda Rusiyada səfərbərliyin və “nüvə şantajının” hədəfi daha da aydın olur:
"- Bu ərazilərin ilhaqından sonra müharibə “xüsusi əməliyyatdan” Rusiya-Ukrayna müharibəsinə keçəcək;
- Ukraynanın ilhaq edilmiş əraziləri azad etmək istiqamətində addımları “Rusiyaya hücum” kimi təqdim ediləcək;
- Səfərbərliyə cəlb edilmiş ruslar “öz torpaqlarını qorumaq” uğrunda döyüşdürüləcək;
- Moskva “Rusiya ərazisinə hücum” iddiası ilə “nüvə şantajı”nı legitimləşdirmək istəyəcək".
A.Nərimanlının sözlərinə görə, Kreml müharibəni bu nəticə ilə bitirmək istəyir və əsas hesablaması belədir ki, Krım ssenarisində olduğu kimi, indi də ilhaq edilmiş ərazilər üzrə “təmas xətti” qurulur, proses “dondurulmuş münaqişə” üzrə hərbi sferadan diplomatik mübarizəyə keçir. Putinin “nüvə şantajını” yeniləməsi də ilhaqdan sonra Qərbə qarşı “strateji çəkindirmə” taktikasıdır: "Qərbdə əvvəl daha güclü olan döyüşün “mövqe müharibəsi” mərhələsinə keçidi və prosesin danışıqlar masasına daşınması mövqeyi indi arxa plana keçmiş kimi görünür, hərçənd, burada həlledici amil Avropanın enerji problemini necə aşa biləcəyi və Rusiyaya qarşı cəbhənin nə qədər bütöv qala biləcəyi olacaq".
Səid,
SİTAT.İNFO