Bu günlərdə bizi həyəcanlandıran və qürurlandıran bir xəbər oxuduq. Qardaş Türkiyə Cümhuriyyətinin prezidenti, hörmətli Rəcəp Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatında birləşən dövlətlərə beynəlxalq miqyasda tanınmamış Kıbrıs Türk Cümhuriyyətini bir dövlət kimi tanımağa çağırıb. 40 ilə yaxındır, müstəqilliyi tanınmayan Kıbrıs Türk Cümhuriyyətindən fərqli olaraq, adanın yunanların yaşadığı cənub bölgəsi Kıbrıs Respublikası kimi tanınıb və hətta Avropa İttifaqına üzv qəbul edilib. Qərb adada iki dövlətin olmasını istəmir və uzun müddətdir ki, aparılan danışıqlar daha çox bu istiqamətdə olub.
Türkiyə ilə Yunanıstan arasında artıq yüz ildən çoxdur davam edən soyuq müharibənin bir səbəbi də məhz adada hakim olan iki millətin öz müqəddəratını təyin edərək dövlətə sahib olmasına dair fikir ayrılığıdır.
Kıbrıs Türk Cümhuriyyəti isə kimlərin qəbul edib-etməməsindən asılı olmayaraq, bir tarixi-siyasi gerçəklikdir və bunu bütün dünya belə qəbul etməlidir. Təbii ki, ortada hər zaman qarşılaşdığımız Qərbin ikili standartları, xristian təəssübkeşliyi, Türkiyə dövlətinə və türklərə qarşı ayrıseçkilik siyasəti Kıbrısın dünya tərəfindən müstəqil dövlət kimi tanınmasına böyük əngəl olub. Ancaq türklərin də səbrinin sərhədləri var və qardaş Türkiyə dövlətinin nəhayət Kıbrıs Türk Cümhuriyyətinin tanınması məsələsini Türk Dövlətlərinin siyasi gündəminə daşıması 40 illik həsrətin sona çatması fonunda böyük bir tarixi hadisədir.
Azərbaycan ictimai-siyasi şüurunda Kıbrıs mövzusunun o qədər də yayğın olmamasına, bu türk respublikası haqqında insanlarımızın məlumatının azlığına rəğmən, ölkəmizdə ciddi boşluq kimi görünən türk kimliyi ictimai fikrinin əsas təmsilçisi olaraq Azərbaycan Yüksəliş Partiyasının yarandığı son iki illik müddətdə ortaya qoyduğu siyasi fəaliyyətin bir önəmli xətti də məhz Kıbrıs Türk Cümhuriyyəti ilə bağlı müxtəlif platformalarda, fərqli səviyyələrdə cəmiyyətimizə vacib informasiyaların çatdırılması, geniş maarifləndirmə işi olub. Bu ölkənin tanınması AY Partiyanın davamlı gündəmə gətirdiyi bir məsələdir və hesab edir ki, Türk Dünyası qarşısında dayanan prioritet hədəf kimi, bunu həll etməlidir, milli və strateji maraqları əldə rəhbər tutaraq başlanan bu milli dava, nəhayət, başa çatdırılmalıdır. AY Partiya hesab edir ki, bunun üçün bütün hüquqi-siyasi əsaslar var.
Türk Dünyasının “Yavru Vətən”i hesab olunan Kıbrıs məsələsi hər zaman olduğu kimi, bu gün də partiyamızın gündəliyini təşkil edən mühüm məsələlərdən biridir. Təsadüfi deyil ki, yaranmasının bir illiyində, 2021-ci ilin yayında AY Partiya başqanı və partiya rəhbərliyində təmsil olunan bir neçə şəxs xarici səfərlər çərçivəsində Kıbrısa gedib. Təbii ki, bir siyasi partiyanın, xüsusilə Azərbaycanda yeni yaranmış bir siyasi institutun Kıbrıs rəsmiləri tərəfindən çox isti qarşılanması, mühüm görüşlərin baş tutması özü özlüyündə ciddi hadisə idi. İstər müstəqil Azərbaycanın, istərsə də Kıbrıs Türk Cümhuriyyətinin ictimai-siyasi həyatında məzmununa və əhəmiyyətinə görə ilk hadisə kimi tarixə düşən bu görüşlər, orada baş tutan dərin, çoxşaxəli, maraqlı dialoqların ölkələrimiz arasında münasibətlərin ən üst səviyyədə inkişafı üçün bir körpü ola biləcəyi xüsusi vurğulanmalıdır".
Başqan Anar Əsədli və heyətini qəbul edən Prezident Ersin Tatar, ölkənin Baş nazir Ersan Saner, Baş nazirin müavini, İqtisadiyyat və enerji naziri, Yeni Doğuş Partiyasının başqanı Erhan Arıklı, Xarici işlər naziri, Ulusal Birlik Partiyasının başqanı Tahsin Ertuğruloğlu görüşlərdə iki qardaş ölkə arasında münasibətlərin daha yüksək səviyyədə qurulmasının vacibliyi qeyd olunub. Bu işdə hər iki ölkədə fəaliyyət göstərən siyasi təşkilat və ictimai qurumların da üzərinə məsuliyyət düşdüyünü vurğulayan başqan Anar Əsədli siyasi partiyaların, xüsusilə dövlətin xarici siyasətində fəal rol oynamalı olduğu fikrini dilə gətirib. “Bəzən hakimiyyətlərin, dövlət qurumlarının açıq ifadə edə bilmədiyi məsələləri, problemləri məhz siyasi partiyalar gündəmə gətirib, ictimailəşdirməlidir.
Başqan Anar Əsədlinin başçılıq etdiyi nümayəndə heyətinin səfər zamanı son görüşü bu ölkənin ana müxalifət partiyası, Cümhuriyyət Türk Partiyasının Başqanı, ölkənin keçmiş Baş naziri Tufan Erhürmanla olub.
Biz, AY Partiya olaraq bunları ona görə xatırladırıq ki, Azərbaycan ictimai-siyasi həyatında Türk Dünyasında baş verən hadisələrin, o cümlədən Kıbrıs Türk Cümhuriyyətinin dünya ölkələri tərəfindən tanınmasının son dərəcə prinsipial bir məsələ olduğuna diqqət çəkək. Təəssüflə qeyd edək ki, 30 il öncə müstəqilliyini bərpa edən ölkəmizdə son 25 ildə türk siyasi xətti, türk siyasi kimliyi daha çox təzyiqlərlə üzləşdi, hətta deyərdim ki, bunun rus və fars siyasi-ideoloji xəttinin fonunda itirilib-batırılmasına cəhdlər oldu və milli şüurun formalaşmasında müşahidə olunan geriləmə ən çox da bununla əlaqədar idi. Məhz belə bir periodda, iki il öncə Anar Əsədli və dostlarının təşəbbüskarlığı ilə meydana çıxan Azərbaycan Yüksəliş Partiyası ölkə üçün gələcəkdə ciddi problemlərə yol açacaq bu zərərli gedişatı durdurmağı qarşısına hədəf qoydu.
Bu gün qürurla və əminliklə söyləmək olar ki, Azərbaycanda türk ictimai-siyasi fikrini, türk siyasi xəttini təmsil edən siyasi institutlar arasında AY Partiyanın yeri fərqlidir və faydalı işləri ilə daha öndədir. Bu ictimai-siyasi xətti diri tutmağın tək yolu isə Türk Dünyası ilə daim dərin əlaqələrlərdən asılıdır. Türklərlə bağlı dünyada həllini gözləyən, prinsipial əhəmiyyət daşıyan bir çox məsələ var. Bu mənada Kıbrısın bir dövlət kimi tanınması daha prioritetdir. AY Partiya bu işdə üzərinə düşən məsuliyyəti dərk edir və prosesin sürətləndirilməsində vacib rol almağa hazır olduğunu hər zaman açıq mətnlə bildirir.
Başqan Anar Əsədlinin Kıbrıs səfəri zaman mediaya verdiyi bu açıqlama isə xüsusi qeyd olunmalıdır: “Azərbaycan xalqı Kıbrısla bağlı məlumatlı deyil. İlk olaraq biz bunu xalqa anlatmalıyıq. Prezidentlə görüşdük. Həm rəsmi, həm də səmimi görüşümüz oldu. Təklif etdim ki, bir tək partiya ilə kifayətlənməməliyik. Biz Azərbaycandakı universitetlərlə danışaq. Azərbaycanda ölkənin tanınması məsələsi ilə bağlı fərqli formatlarda konfranslar təşkil olunsun. Kıbrıs nümayəndələri gəlsin, media və QHT-lərlə, tələbələrlə görüşsünlər. Təşkilatçılığı biz edə bilərik. Yəni Azərbaycan cəmiyyəti baş verənlərdən, prosesdən məlumatlı, agah olsun. Çox istərdim ki, bu ölkəni tanıyan ikinci türk ölkəsi məhz Azərbaycan Respublikası olsun”.
Rəşad Bakuvi
Azərbaycan Yüksəliş Partiyası Başqanının Siyasi məsələlər üzrə müavini
SİTAT.İNFO