Rusiya bu addımlarını Avropa ölkələrində hökumətə qarşı narazılıqları artırmağa hesablayıb - Natiq Cəfərli

08:00 4 Oktyabr 2022

"Avropa Birliyi ölkələri uzun illərdir Rusiya qazından kəskin asılıdır və bunun fəsadlarını yaşayırlar. Bu,  Rusiyanın Ukrayna müdaxiləsindən öncə Avropa Birliyi ölkələrinin illik qaz istehlakı 500 milyard kub metrə yaxın idi. Bunun 180 milyarda yaxınını bir tək Rusiyadan alırdılar, yəni 34 və 35 faizə yaxın bir asılılıq var idi. Avropa məkanında  hər 3 evdən və yaxud hər 3 müəssisədən 1-də Rusiya qazı istifadə olunurdu ki, bu da ciddi asılılıq yaratmışdı”.

Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. 

Onun sözlərinə görə,  indi kəskin azalma var keçən ilə müqayisədə təqribən 50 faiz daha az Rusiya qazı Avropaya çatıb, bunun səbəbləri müxtəlifdir: "Həm embarqoların təsiri var, həm Avropanın özünün Rusiya qazından imtina etmə cəhdləri var, həm də Rusiyanın özünün enerji məsələsindən ciddi təzyiq vasitəsi kimi istifadə etmək cəhdləri var, yəni bunların hamısının tamamında Avropada indi ciddi bir qaz böhranı yaşanır. Qiymətlər kifayət qədər sürətlə artıb. Bəzi sənaye tutumlu müəssisələr əsasən də polad əritmə, kənd təsərrüfatında istidadə edilən gübrələrin istehsalı, bunlar hamısı çox enerji tutumudur və təbii qaza çox bağlıdır. Bu müəssisələrin bir çoxu bağlanıb, artıq bəzi ölkələrdə hətta yarısına yaxını bağlanıb. Bu da əlavə işsizlik və əlavə ciddi problemlər yaradır”.

İqtisadçının fikrincə, Rusiyanın hesablamaları həm də Avropa ölkələrinin daxilindəki sabitliyi pozmağa yönəlib: "Belə ki, Rusiya qazından məhrum olan Avropada öz hökumətlərinə qarşı çox ciddi narazılıqlar olacaq və nəticə etibarilə əhalinin tələbinə görə həmin ölkələrdə də Rusiya ilə bağlı siyasətin dəyişməsi ehtimalları artacaq”.

Gülsüm Hacızadə

SİTAT.İNFO



Xəbər xətti