"Təhsilə rəhbərlik edən hazırki adamlarla məktəbdə ciddi bir iş görmək mümkün deyil" - Sərdar Cəlaloğlu

13:25 4 Oktyabr 2022

"Məktəb cəmiyyətin üç tərbiyə sistemindən biridir: məscid, məktəb və ailə. Məktəbdə baş verən hadisələr bir tərəfdən ailələrdə baş verən qüsurlarla, digər tərəfdən də məsciddə baş verən qüsurlarla bağlıdır. Təbii ki, bu gün məktəblilər arasında baş verən neqativ halların hamısı cəmiyyətdəki ümumi neqativ halların məktəbdə əks olunmasıdır".

Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu məktəbdə baş verən bullinq hallarına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, faktiki olaraq Azərbaycan cəmiyyətində zorakılıq və narkomaniya var: "Bu yaşlılar arasında daha çox inkişaf edib. Ölkədə narkomaniyanı biznes sahəsinə çevirən şəxslər mövcuddur. Millətin gələcəyini düşünənlər çox azdır. Ailə və şəxsi maraqları naminə hətta millətin genefonduna qarşı belə bir siyasət aparanlar var".

Partiya sədri vurğuladı ki, məktəb işinin təşkili, təhsilin təşkili çox bərbad vəziyyətdədir: "Mövcud təhsil sistemi ilə, təhsilə rəhbərlik edən hazırki adamlarla məktəbdə hər hansı ciddi bir iş görmək mümkün deyil. Məsələn məktəb direktorları seçki ilə olmalıdır. Kollektivin sevib seçdiyi insanlar olmalıdır. Amma məktəb direktorları yuxarıdan təyin olunursa, bir qayda olaraq hansı "prinsiplər"lə təyin olunursa,  məcburdur ki, məktəbi o "prinsiplər"lə idarə etsin. Nəticədə də məktəbdə neqativ hallar baş verir. Buna görə də demokratiya ictimai və sosial qüsurları aradan qaldıran yeganə üsuldur. Mənə elə gəlir ki, təhsilin demokratikləşməsi problemlərin hamısının aradan qalxması üçün mühüm rol oynaya bilər".

Səid İsaoğlu,

SİTAT.İNFO

 



Xəbər xətti