"Orta məktəblərdə baş verənlər hamımızın gözü önündədir. Sonuncu videoda bir şagirdin sinif yoldaşına qarşı göstərdiyi şiddət, etdiyi xuliqanlıq, həmçinin sinif otağında şagirdin intihar etməsi həm təəssüf doğurur, həm də insanı qəzəbləndirir".
Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu deyib.
O təəssüflə bildirib ki, yeni təyin olunan təhsil naziri etimadı doğrultmur: "İnsan savadlı və bacarıqlı ola bilər, amma nazir olmaq təşkilatçılıq işidir. Nazir məktəblərdə olan problemləri həll etmək əvəzinə, şagird-müəllim münasibətlərini tənzimləmək əvəzinə, təhsil sistemində islahatlar və güclü təhsil sistemi formalaşdırmaq əvəzinə fotoulduz xəstəliyinə tutulub. İşinin adı şəkil çəkdirməkdən ibarətdir. Çox güman ki, hörmətli nazir fotomodel olmaqla nazir olmağı qarışdırıb".
A.Şakiroğlu vurğuladı ki, Azərbaycan təhsil sistemini inkişaf etdirmək üçün birinci məktəblərdə ciddi islahatlar başlamalıdır: "DİM hər il universitetlərə qəbulun keçid balını aşağı salır. Bu o deməkdir ki, məktəblərdə şagirdlərə normal təhsil verilmir. Universitetə tələbə hazırlamalı olan məktəblər şagirdlərə elm vermir. Məktəbdə zorakılıq və intihar hadisəsi təhsil ocaqlarında nə dərəcədə faciəvi olayların yaşandığını göstərir. Bugünki intihar və xuliqanlıq xarakteri daşıyan video ictimailəşən hadisələrdir. Nə qədər ictimailəşməmiş hadisələr var ki, biz bundan xəbərsizik. Mən partiya rəhbəri olaraq bir məktəb direktorunun qəbuluna düşə bilmirəm. Direktorlar burada mənəm, bağdadda kor xəlifə prinsipi ilə işləyirlər və bu da elm və təhsil nazirindən qidalanır".
Partiya sədri əlavə etdi ki, nə qədər ki, direktorlar şəffaf təyin edilmir, məktəblərə nəzarət edilmir, nazir fotomodel olaraq çalışır, təhsil bir o qədər də geriləyəcək: "Məktəbdə yaşanan bu hadisələr məktəblərin elm adamı, savadlı mütəxəssis olacaq şəxslər hazırlamadığını ortaya qoydu. Bu hadisə məktəbdə xuliqanlığa meylli uşaqların tərbiyə olunduğunu göstərir. Hanı o məktəbin direktoru, direktor müavini? Təhsil naziri yerində deyilsə, onların yerində olmasının bir mənası yoxdur. Nazir yerində deyilsə, deməli məktəblərdə də rəhbər şəxslər yerində deyil. Gərək bir nazirin çəkisi ola, nazir özünü nazir kimi apara. Bu məsələlərə itimaiyyət ciddi reaksiya verməlidir. Gələcəyimizə, gələcək elmimizə, gələcək dövlətimizə sahib çıxmalıyıq. Bunun rolu indiki orta məktəblərdən keçir".
Nərgiz,
SİTAT.İNFO