"Praqa görüşündə razılıq əldə edilmiş maddələr əsasında müqavilə bağlanarsa bu müqaviləni cəsarətlə Azərbaycanın tarixi müqaviləsi adlandırmaq olar. Eyni zamanda bu görüşləri təkcə iki ölkə arasında səmərəli görüş adlandırmaq olmaz. Çünki bu görüş faktiki çox böyük bir ərazidə Qafqaz-Türkiyə-İran (təqribən 180 milyon insanın yaşadığı bir ərazi) uzun müddətli, bəlkədə əbədi sülh və əmin amanlığın bərqərar olması deməkdir".
Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin sabiq sədri Rəsul Quliyev deyib.
Onun sözlərinə görə, azərbaycanlılar bu görüşlər və əldə edilmiş nəticələrlə fəxr etməlidir, çünki Azərbaycan bu görüşlərin keçirilməsinin təşkilatçısı, əsas təşəbbüskarıdır: "Bu müqavilə bağlanarsa (mən bağlanmasına şübhə etmirəm) heç şübhəsiz ki, bütün dövlətlər və onların xalqları udacaq. İlk növbədə də Ermənistan. Paşinyan bu müqavilənin bağlanmasının əsas düşməni olan, Ermənistanda Azərbaycana qarşı sərhəddə təxribatlar yaradan Koçaryan, Sərkisyan və o tipli bir çoxlarını qızışdıran, maliyələşdirən Rusiya Federasiyasından nəhayət yaxasını qurtara bilər. Ermənistan Türkiyənin investisiya və digər proyektlərindən istifadə edə, dünyanın sivil ölkələri ilə ticarət-investisiya əlaqələrini gücləndirə bilər".
R.Quliyev vurğuladı ki, bu regionla marağı olan ölkələrin kəşfiyat idarələrinin hamısı Paşinyanı dəstəkləyən ermənilərin əksəriyyətinin müharibə etmək istəmədiyini və Türkiyə ilə əlaqələrin yaradılmasını və inkişaf etdirilməsində maraqlı olduğunu bilir və bütün bunları öz hesabatlarında göstərirlər: "Ermənilərin əksəriyyəti heç bir qondarma “DQ” məsələsini müzakirəyə çıxarılmasını istəmir, Azərbaycan ərazilərində yaşayan ermənilərin Azərbaycan vətəndaşı kimi yaşamasını düzgün sayır. Paşinyan erməni xalqı ilə birlikdə bu normal gələcəyi seçmək əzmindədirsə ən geci bu ilin sonunadək Azərbaycan hökümətinin verdiyi 5 təklifin əsasında yaradılıcaq hüquqi müqaviləyə imza atmalı və həm də bu müqavilə ilə yanaşı qonşu Azərbaycan-Türkiyə ilə diplomatik əlaqələri yaratmalıdır".
Sabiq spikerin fikrincə, Rusiya Federasiyası bu müqavilənin bağlanmaması üçün əlindən gələni edəcəkdir: " Ancaq yenidən Sovet İttifaqını bərpa etmək niyyəti ilə Ukraynanı işğal etmək istəyən Rusiya bütün dünyadan izoliyasiya edilib. Hətta özünə yaxın hesab etdiyi Çin belə Putin rusiyasından distansiyada dayandığını açıq aşkar göstərir. Rusiyanın nüvə silahı ilə dünyanı hədələməsi isə Putinin həddindən artıq cılızlığını göstərir. Sovet vaxtından qalmış silahları ilə vuruşan rusların tam iflasa uğraması nüvə silahlarının da bərbad vəziyyətdə olmasında xəbər verir. Paşinyan nə Rusiyadan, nə də onların finanslaşdırdığı daxili ekstrimslərindən qorxmamalı müqaviləni imzalamaqla daxili naratlığını ləğv etməli və ölkəsinin quruculuğuna başlamalıdır".
R.Quliyev hesab edir ki, belə bir müqavilənin bağlanmasının təşəbbüskarı olan Azərbaycan Respublikasının prezidentinə Praqada göstərilən münasibət - bu münasibətlərin tamamilə başqa bir səviyyəyə qalxdığını göstərdi: "Əslində Avropa İttifaqı, hətta Fransanın prezidenti Azərbaycanın təşəbbüs və təkliflərini qəbul etdilər və Paşinyanın bu məramnaməyə HƏ deməmək imkanı praktiki qalmadı. Düzdür Paşinyan özü bu sənədə imza atmağa maraqlı idi. Bu sənəd imzalandıqdan sonra Rus qoşunları, daha doğrusu orada (sülhməramlı adı altında Azərbaycanda) qalmış 300-ə yaxın əsgər və zabitin orada qalmasına heç bir ehtiyac qalmır. Hesab edirəm ki, ən geci 2023-cü ilin aprelinə qədər sülhməramlılar Azərbaycanımızı tərk etməlidir. Hələ bilmək olmaz Rusiyada proseslər necə inkişaf edəcək... O qüvvələr ya Putini müdafiə ya da yıxmağa cəlb edilə bilinər... Azərbaycanın dünya siyasətində özünə fundamental yer tutması ilə xalqımız fəxr etməlidir. Heç şübhəsiz ki, bu müqavilədən sonra İran Azərbaycanla yaxınlaşmağa üstünlük verəcək. İran daxildən dağıla bilər. Son 100 ildə İranın daxildən dağılması artıq 3 dəfə baş verib. İndi dördüncü inqilabın astanasındadırlar. İranın Ermənistana kömək proqramı ölkədə iğtişaşların güclənməsi və siyasi inqilabla nəticələnməsi ilə qurtara bilər. Hesab edirəm ki, Azərbaycanla bağlı xarici siyasətdə İranın səhv etmək şansı da artıq qalmayıb… Azərbaycanın Türkiyə ilə birlikdə Orta asiya və Pakistanla bağlı strateji siyasi proqramları var, bunlar artıq ortadadır".
Nərgiz,
SİTAT.İNFO