"Dünən səhər saatlarında Ermənistan Silahlı Qüvvələri Kəlbəcər istiqamətindəki mövqelərimizi növbəti dəfə atəşə tutub. Son vaxtlar təxribatlar intensivləşib. Hələ delimitasiya və demarkasiya olunmamış dövlət sərhədinin müxtəlif istiqamətlərində, demək olar, hər gün atəşkəs pozulur. Fikrimcə, bunun əsas səbəbi üçüncü qüvvələrin potensial sülh müqaviləsinə mane olmaq cəhdləridir".
Bunu Sitat.info-ya açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.
Onun sözlərinə görə, Ermənistana təsir imkanı kifayət qədər olan güclər heç də az deyil: "İkinci bir tərəfdən, Ermənistanın hazırda yekun sülh müqaviləsi ilə bağlı konstruktiv bəyanatlar verməsinə rəğmən, baş nazir Nikol Paşinyan bu prosesə "əli güclü" getmək istəyir. Ona görə də, ola bilsin, sabotaj cəhdləri ilə vaxt qazanmağa çalışır. Üçüncüsü, Ermənistan Ukrayna ilə Rusiya arasında davam edən müharibənin nəticəsini gözləyir. Hərçənd, Moskvanın qalib və ya məğlub olmasından asılı olmayaq İrəvan daha çıxılmaz duruma düşəcək".
K.Novruzov hesab edir ki, birinci halda Ermənistana Rusiyanın təzyiqləri artacaq, ikinci halda isə bu qondarma dövlət Cənubi Qafqaz regionunda "ortalıqda qalacaq: "Bu baxımdan İrəvanın təxribatları gözlənilən idi. Bundan başqa, adətən yüksək səviyyəli temaslardan, o cümlədən görüşlərdən sonra belə provokasiyalar baş verir. Avropa İttifaqı liderlərinin Çexiyanın paytaxtı Praqada keçirilən sammiti çərçivəsində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Fransa Prezidenti Emmanuel Makronun iştirakı ilə Azərbaycan dövlət başçısı İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında keçirilmiş görüşdən sonra da təxribatların baş verəcəyi gözlənilən idi. Məlum olduğu kimi, həmin görüş rəsmi Bakının diplomatik uğuru ilə başa çatdı. Paşinyan Azərbaycanın 1991- ci il sərhədlərini tanıdığını bildirdi. Bundan sonra bir neçə dəfə provokasiya oldu. Görünür, regionda "suların durulmasını" istəməyən qüvvələr iş başındadırlar. Amma fikrimcə, həmin qüvvələr "son nəfəslərini" verirlər. İlin sonuna kimi Bakı və İrəvan arasında sülh sazişinin imzalanması, yaxud sülh mətninin hazırlanması gözləniləndir. Amma bundan əvvəl genişmiqyaslı döyüşlərin baş verəcəyini düşünürəm. Buna səbəb isə Ermənistanın təxribatları və ya Paşinyan hakimiyyətinin siyasi iradəsizliyidir".
Nərgiz,
SİTAT.İNFO