"Ola bilər ki, daha ciddi təxribatlar həyata keçirilsin" - Üzeyir Cəfərov Ermənistanın son addımları HAQDA...

16:08 12 Oktyabr 2022

"Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamağa cəhdlər edir. Amma təəssüf ki, o cəhdlərin qarşısı ermənistana havadarlıq etmək istəyən dövlətlər, konkret olaraq Rusiya tərəfindən alınır. Son olaraq Aİ-nin bölgəyə sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı mülki missiyanın göndərilməsi qərarından sonra Rusiyanın bu məsələyə sərt və qıcıq reaksiyası böyük təəssüf və təəccüb doğurur".

Bu sözləri Sitat.info-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib.

Onun sözlərinə görə, Rusiya bu məsələyə mane olmağa çalışır: "Bu gün  onlar bunun marağında olmalıdırlar ki, proses irəliləsin və bölgədə sülh-əminamanlıq bərqərar olsun. Amma gördüyümüz mənzərə ondan ibarətdir ki, Rusiya XİN rəsmisi Mariya Zaxarova bəyan edib ki, bu Aİ-nin bizim işimizə müdaxiləsidir. Mən bu cümləni anlamağa çətinlik çəkdim. Əgər Rusiya məsələnin həllini istəyirsə, tərəflərin sülh müqaviləsi imzalamasının marağında olmalıdır".

Ü.Cəfərovun sözlərinə görə, dörünür Rusiyanın o qədər də xoş olmayan  məqsəd və məramları var: "Ona görə də sərt və yerində olmayan reaksiya nümayiş etdirir. Ola bilər ki, ciddi təxribatlar həyata keçirilsin. Son olaraq Ermənistan ərazisindən Azərbaycanın Kəlbəcər rayonunun yeni ərazilərinin atəşə tutulması ona deməyə əsas verir ki, Azərbaycanla Ermənistan arasında toqquşmanın baş verməsi, sülh müqaviləsinin arxa plana keçməsi üçün maksimum çalışırlar. Bu vəziyyətin yaxşı nəticələrə gətirib çıxaracağını düşünmürəm".

Nərgiz,

SİTAT.İNFO



Xəbər xətti