Bu gün dünyanın gözünün çevrildiyi və hadisələrin gedişatının nə olacağı çox ciddi maraq doğuran qaynar nöqtələrdən biri də İrandır.
Həftələrdir, alovlanmış, sönmək bilməyən etirazlar dalğası bu taydan bizim də ürəyimizi yandırır. İranda hər gün şiddətə o və ya bu şəkildə məruz qalmış soydaşlarımız bir Türk olaraq, bizi nə qədər incidirsə, İranın şiddətə məruz qalmış vətəndaşlarını da insan haqları çərçivəsində o qədər üzür.
İranda baş verənləri diqqətlə izləməyimizin bir səbəbi oradakı soydaşlarımızdırsa, digər səbəbi qonşumuz olan ölkədə insan haqlarının çox kobuda şəkildə pozulmasıdır. İran ən qısa zamanda irtica rejimindən, vətəndaşlarına, həmçinin soydaşlarımıza qarşı tətbiq etdiyi təzyiqlərdən və şiddətdən vaz keçməlidir. Vətəndaşın, xalqın etirazına qulaq asmalı, bu haqlı etirazların səbəblərini ortadan qaldırmalıdır. Nəzərə çatdıraq və bir daha xatırladaq ki, xalqın istəklərini, etirazlarını görməzdən gələn bütün irtica rejimlər məhvə məhkumdur. İran rejimi tarixə nəzər salmalı, nəticə çıxarmalıdır.
Biz Azərbaycan Yüksəliş Partiyası olaraq, İranda qarşıdurmalarda şəhid olmuş bütün vətəndaşların yaxınlarına başsağlığı verir və səbr diləyirik! Xalqa çıxdığı bu yolda mətanət, dözüm və uğur arzulayırıq.
Aynur Qəzənfərqızı
Azərbaycan Yüksəliş Partiyası Başqanının müavini
SİTAT.İNFO