Makronun ağzının dediyini qulaqları eşidirmi?!

16:27 17 Oktyabr 2022

Fransa Respublikasının Prezidenti Emmanuel Makronun Azərbaycanın əleyhində səsləndirdiyi  fikirlər başdan sona qədər səfsətədən ibarət və qəbuledilməzdir. Azərbaycan torpaqlarının işğal olduğu ilk gündən Ermənistanı haqsız və heç bir qanuna uyğun olmadığı şəkildə dəstəkləyən Fransa bu dəfə də Makron hakimiyyəti vasitəsilə Azərbaycana qarşı növbəti qərəzini nümayiş etdirib.

Biz ümumilikdə fransızların türklərə olan münasibətinin necə olduğunu yaxşı bilirik. Hansı ki, qondarma "erməni soyqırımı" haqqında Fransa parlamentinin qəbul etdiyi qanun türklərə olan münasibətinin  təzahürüdür. Eyni zamanda fransızların və ermənilərin Türkiyə və Azərbaycana olan münasibəti eynidir. 

Fransa prezidenti Emmanuel Makron “France2” telekanalına müsahibəsində Ermənistanı sülh carçısı və tolerantlıq nümunəsi adlandırmasını yalnız  qərəzlə izah etmək yanlış olar. Fransızlar Ermənistan vasitəsilə regiona gəlmək üçün bəhanələr axtarırlar. Bildirmək istəyirəm ki, Makronun söylədikləri daha doğrusu arqument adına ifadə etdikləri o qədər cılızdır ki, öz dediyini qulaqlarının eşitdiyi şübhəlidir. Makrona Fransanın yalnız Əlcəzair Xalq Demokratik Respublikasında və ümumiyyətlə Afrika qitəsində həyata keçirdiyi genosidi, müstəmləkə siyasətini xatırlatmaq kifayətdir ki, öz gözlərində tiri  görərək, başqasında çöp axtarmasınlar. Azərbaycan Ermənistan münaqişəsinə gəlincə isə Ermənistan tərəfi heç bir zaman sülhün tərəfdarı olmamışdır.

Ermənistanın "sülhə" verdiyi ilk töhfə Azərbaycan torpaqlarını işğal etməklə başlamışdır. Bu işğal prosesində minlərlə sivil xalqa qarşı soyqırım həyata keçirmişdir. Xocalı soyqırımını, eləcə də sonuncu müharibədə Gəncə və  Bərdə şəhərlərində sivil xalqa atılan bombalar hansı sülhün və toleratlığın nümunəsi idi?! Ermənistanın Azərbaycan ərazilərini 30 ilə yaxın işğal atında saxlaması, bu torpaqlardakı qanunsuz fəaliyyəti, beynəlxalq hüququn fundamental prinsiplərini heçə sayaraq Azərbaycanın ərazi bütövlüyünü və yüz minlərlə azərbaycanlının hüquqlarını kobud şəkildə pozması, Fransanın da daimi üzvü olduğu BMT Təhlükəsizlik Şurası tərəfindən dörd qətnamə ilə də təsbit olunub. Və  Ermənistanın BMT TŞ-nin qətnamələrini yerinə yetirməməsi barədə,  Fransanın xəbəri yoxdur? 


Fransa, Azərbaycanın 2020-ci ildə hərbi əməliyyatları dayandıraraq Ermənistana qarşı sülh mövqeyində dayanmasını və Ermənistana  üçtərəfli bəyanatın müddəalarının yerinə yetirilməsi üçün bu günə qədər vaxt verməsini niyə görməzdən gəlir? Ermənistan isə Azərbaycanın xoş niyyətli addımlarını geri çevirərək Azərbaycan ərazilərində minalar basdırmaqla bölgədəki təhlükəsizliyə öz töhfəsini verir. 


Azərbaycan öz növbəsində,  Fransa Prezidentinin iki ölkə arasında münasibətlərin normallaşması prosesində vasitəçilik təşəbbüslərini müsbət qarşılayaraq bu günədək Makronun vasitəçiliyi ilə 4 fevral 2022 və 6 oktyabr 2022-ci il tarixlərində dördtərəfli görüşlərdə iştirak edib. Ancaq Fransa Prezidentinin Azərbaycana qarşı səsləndirdiyi fikirlər onun vasitəçilik səylərinin doğru olmadığını hər kəsə göstərir.
Azərbaycan tərəfi hər şeyi yaxşı görür və bilir. Bu mövzuda Fransanın heç bir məsləhətinə ehtiyacı yoxdur. Lazım olanı, zaman gəldiyində həyata keçirir. Bu hal belə də davam edəcək!

RƏHİM ƏHMƏDZADƏ

Ağ Partiya Başqanının  müavini

SİTAT.İNFO




Xəbər xətti