İkinci və üçüncü uşağa ayda 100 manat - Natiq Cəfərlidən uşaqpulu TƏKLİFİ

19:45 18 Oktyabr 2022

"Azərbaycanda uşaqpulu ilə bağlı məsələ son illərin ən çox müzakirə olunan mövzularından biridir və cəmiyyətdə belə bir gözlənti var. Sosial proqramda müxtəlif adlarla uşaqlara yönəlik yardımlar var. Amma bu ünvanlı və yetərli deyil".

Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, mövcud sosial yardımlar insanların gözləntilərinə cavab vermir: "Bununla bağlı müzakirəyə açıq olan təklifi keçən il büdcə müzakirələri zamanı Real partiyası adından vermişdik. Təklifin dəyəri illik 1 milyard manatdır. Bu Azərbaycanın indiki büdcəsinə nəzərən kifayət qədər ağlabatan bir rəqəmdir. Yəni çox böyük yük və problem yaratmadan bu məbləği vermək olar".

İqtisadçı hesab edir ki, Azərbaycanda ilkin olaraq ailədə ikinci və ya üçüncü uşaqlara 100 manat uşaqpulu vermək mümkündür: "Birinci uşaq ailənin öz istəyi və arzusu ilə ərsəyə gəlir. Burada ailə çox vaxt buna hazır olur. Amma ikinci və ya üçüncü uşağı dünyaya gətirmək əlavə maddi yükdür. Ona görə də bu yükü azaltmaq üçün, dövlətin birinci uşaqdan sonra dünyaya gələn uşaqlara ayda 100 manat verməyə imkanı var. Bu isə həm sosial problemlərin həllində rol oynaya bilər, həm də əhalinin gözləntilərinə cavab ola biləcək bir addım olar".

Səid İsaoğlu,

SİTAT.İNFO



Xəbər xətti