Hər ailəyə 200 manat paylamaqdansa, o məbləğə zavod-fabrik açılsın" - Tural Abbaslı

11:26 20 Oktyabr 2022

"Dövlət hər zaman vətəndaşlara maddi yardım etməlidir. Bu istər komunal xərclərdə olsun, istərsə də dünyaya yeni gələn uşaq üçün olsun,  ilkin yardım edilməlidir. Bu dövlət proqramları çərçivəsində həyata keçirilməlidir, hətta qanun layihələrinə salınmalıdır".

Bu sözləri Sitat.info-ya açıqlamasında Ağ Partiya lideri Tural Abbaslı deyib.

Onun sözlərinə görə, bu günlərdə deputat Tahir Kərimli də bu barədə  fikir səsləndirib və ortaya qanun layihəsi qoymayıb: "Amma istənilən halda müsbət haldır ki, deputat vətəndaşların xeyrinə çıxış edir. Mən də bunun tərəfdarıyam ki, yeni doğulan uşaqlar üçün onun adına yaradılan bank hesaına 2000 manat və ya müəyyən bir məbləğdə depozit qoyulsun. Bu qanunvericiliklə təsbit olsunsa çox gözəl olar. Amma hər ailəyə 200 manat və ya hər adama 100 manat verməkdənsə, dövlət bu pulları eyni məbləğ hesablasın və o məbləğə uyğun olaraq Azərbaycanda fabrik və zavodlar açılsın".

Partiya sədri hesab edir ki, bu pullar kiçik bizneskreditlər kimi  verilə bilər ki, kənd yerlərində kiçik istehsal sahələrinin yaranması üçün kapital kimi istifadə olunsun: "Bu daha səmərəli olar nəyinki, hər ailəyə 200 manat və ya hər adama 100 manat birdəfəlik yardımın verilməsi. Çünki bu pulla heç bir ailənin yarası sağalmır. Amma bu 200 manatlar yığılsa kredit formasında küllü miqdarda iş adamlarına,  oliqarx yox, məhz yerli iş adamlarına rayonlarda, kəndlərdə yaşayan təşəbbüskarlara kiçik və orta biznesin yaradılmasında dəstək verilsə daha faydalı olar".

Səid İsaoğlu,

SİTAT.İNFO



Xəbər xətti