"Qarabağda hava limanlarının sayının çox olması bizim üçün avantajdır" - Üzeyir Cəfərov

09:33 21 Oktyabr 2022

"İşğaldan azad edilən ərazilərdə hava limanlarının inşası olduqca vacibdir"

Zəngəzur beynəlxalq hava limanının açılışından sonra cəmiyyətdə müzakirələr gedir. Bəzi şəxslər həmin ərazilərdə yaşayış binalarının inşasının ön planda olmasını istəyir, lakin bəziləri isə strateji və inkişaf baxımdan hava limanlarının inşaasının müsbət addım olduğunu bildirirlər. Bəs görəsən mütəxəssislərin fikri nədir? Həmin ərazilərdə hava limanlarının tikintisinin hərbi-strateji baxımdan hansı əhəmiyyət kəsb edir? 

Sitat.info-ya açıqlamasında bu sualları cavablandıran hərbi ekspert Üzeyir Cəfərov deyib ki, işğaldan azad edilən ərazilərdə inşa edilən hava limanları bizim üçün olduqca əhəmiyyətlidir: "Dövlət hər hansı bir addım atdıqda onu əsaslandırır və bütün perspektivləri düşünərək hərəkət edir. Mənim fikrimcə, istər Füzulidə, istər Zəngəzurda açılan, istərsə də Laçında və digər ərazilərdə açılacaq hava limanları bizim üçün vacib və önəmli obyektlərdir".

Hərbi ekspertin fikrincə,  bu obyektlərin bizim üçün həm strateji, həm siyasi-iqtisadi , həmçinin hərbi əhəmiyyəti də var: "Müharibə şəraitini nəzərə alsaq həmin ərazilərdə düşmən tərəflə yarana biləcək hər hansı qarşıdurmada həmin hava limanlarından müəyyən yükdaşımalarında istifadə edilə bilər. Hava limanlarını inşa edərkən bu kimi hallar nəzərə alınmışdı. Mülki əhali üçün nəzərdə tutulan bu hava limanları, hərbi üçün də istifadəyə yararlıdır. 

Hava limanlarının sayının çox olması bizim üçün avantajdır. Sərf olunan vəsaitlər isə yaxın zamanda özünü doğruldacaq".

Seymur Bənnayev,

SİTAT.İNFO



Xəbər xətti